Razim Əmiraslanlı: Məcburi köçkünlərin öz rayonuna qayıtmaq hüququ qorunmalıdır
2022-ci ilin noyabrında təsdiq edilən "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası ilə bağlı hədəflərə çatmağın çətin görünməsi barədə Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı fikir bildirib.
Sozcu.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı yazıda qeyd edib ki, Dövlət Proqramında 2026-cı ilin sonunadək 100 yaşayış məntəqəsinin bərpası və ya yenidən qurulması, həmçinin 140 min keçmiş məcburi köçkünün doğma torpaqlarına qaytarılması nəzərdə tutulsa da, hazırkı göstəricilər bu hədəflərə çatmağın asan olmayacağını göstərir.
Razim Əmiraslanlının sözlərinə görə, rəsmi məlumatlara əsasən, 2026-cı ilin iyul ayınadək 40-dan çox yaşayış məntəqəsində daimi məskunlaşma təmin edilib, Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan insanların ümumi sayı isə 85 minə yaxındır. Bununla belə, keçmiş məcburi köçkünlərin sayı cəmi 36 min 492 nəfər təşkil edir.
Müsavat rəsmisi hesab edir ki, ilin sonuna qədər daha 100 mindən çox keçmiş məcburi köçkünün məskunlaşdırılması olduqca çətin görünür.
Razim Əmiraslanlı bildirib ki, yaşayış məntəqələrinin tikintisi ilə yanaşı, məşğulluq, özəl sektorun inkişafı və kənd təsərrüfatı torpaqlarının ailələrə verilməsi məsələləri də həllini tapmalıdır. Onun fikrincə, insanlara yalnız ev vermək kifayət deyil, onların dolanışığını təmin edəcək şərait də yaradılmalıdır.
O, həmçinin Milli Məclisin məcburi köçkün statusu ilə bağlı qəbul etdiyi son qanun dəyişikliklərinə də toxunaraq bildirib ki, "əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda" ifadəsinin hüquqi baxımdan aydınlaşdırılmasına ehtiyac var. Razim Əmiraslanlı hesab edir ki, vətəndaşların öz doğma rayonlarına qayıtmaq hüququ və razılığı ilə bağlı məsələlər cəmiyyətə aydın şəkildə izah edilməlidir.
Müsavat Partiyası başqanının müavini sonda vurğulayıb ki, Böyük Qayıdış proqramının qarşıya qoyduğu hədəflərə nail olmaq üçün tikinti işləri ilə yanaşı, yeni iş yerlərinin yaradılması və kənd təsərrüfatı torpaqlarının bölüşdürülməsi istiqamətində də ciddi addımlar atılmalıdır.


















