İran Azərbaycanın dostu ola bilərmi? Arif Hacılı Türkiyə ilə əməkdaşlığın vacibliyini vurğuladı
Arif Hacılı: “İran İslam Respublikası Azərbaycanın dostu ola bilərmi?”
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı İran-Azərbaycan münasibətləri, Tehranın regional siyasəti və Azərbaycanın təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Sozcu.az xəbər verir ki, Arif Hacılı İranın etnik tərkibinin və regional maraqlarının Azərbaycanla münasibətlərə təsir etdiyini bildirib.
O qeyd edib ki, İranda 40 milyona yaxın türk, 3 milyon ərəb və daha çox sayda kürd yaşayır. Hacılının fikrincə, milli hərəkatların güclənməsi İran hakimiyyəti üçün ciddi narahatlıq yarada bilər. O, həmçinin Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş və demokratik dövlət kimi mövcudluğunun İranda yaşayan xalqlar, xüsusilə azərbaycanlılar üçün nümunəyə çevrilə biləcəyini vurğulayıb.
Arif Hacılı Azərbaycanla İranın iqtisadi maraqlarının bir sıra məsələlərdə üst-üstə düşmədiyini, hətta ziddiyyət təşkil etdiyini bildirib.
Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq mübarizənin əsas istiqamətlərindən biri nəqliyyat və logistika marşrutlarına nəzarətdir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması və Çinlə Mərkəzi Asiya ölkələrini Azərbaycan üzərindən Türkiyə və Avropa İttifaqı ilə birləşdirəcək Orta Dəhliz layihəsinin reallaşması İran hakimiyyətini narahat edir.
Müsavat Partiyası Məclisinin sədri hesab edir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq iqtisadi əlaqələrin Rusiya və İrandan yan keçməklə, Azərbaycan, Cənubi Qafqazın digər ölkələri və Türkiyə üzərindən genişlənməsinə şərait yaradacaq. Onun fikrincə, bu proses İran və Rusiyanın beynəlxalq logistika üzərindəki təsir imkanlarını azalda bilər.
Arif Hacılı İran hakimiyyətinin müstəqil Azərbaycan Respublikasının mövcudluğuna münasibətini də tənqid edib. O, Rusiyanın gələcəkdə Ermənistan vasitəsilə və ya birbaşa Azərbaycana hərbi müdaxilə etmək niyyətinə düşəcəyi təqdirdə İranın Moskvanın müttəfiqi kimi çıxış edə biləcəyini iddia edib.
“Bu baxımdan, indi azərbaycanlı olub iranpərəst olmaq Azərbaycana qarşı olmaq deməkdir”, – deyə Arif Hacılı bildirib.
O, Azərbaycanın mümkün təhlükəsizlik təhdidlərinə qarşı qabaqlayıcı tədbirlər görməsinin, beynəlxalq hüquqa əsaslanan müdafiə imkanlarını gücləndirməsinin və Türkiyə başda olmaqla, potensial müttəfiqlərlə hərbi-siyasi əlaqələrini genişləndirməsinin vacibliyini vurğulayıb.


















