Arif Hacılıdan ölkədən çıxış qadağası ilə bağlı yeni açıqlama
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı ölkədən çıxışına tətbiq olunan məhdudiyyətlə bağlı yeni açıqlama verib.
O, bildirib ki, ölkədən çıxışına niyə qadağa qoyulduğunu aydınlaşdırmaq cəhdləri nəticəsiz qalsa da, ona gələcəkdə xarici səfərləri ilə bağlı hər hansı problem yaşanmayacağı bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Arif Hacılı Avstriyanın Vyana şəhərinə planlaşdırdığı səfər zamanı hava limanında sərhəd nəzarətindən keçə bilməmişdi. Onun sözlərinə görə, Vyanada Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirə dəvət almışdı.
Bundan əlavə, Müsavat Partiyasının üzv olduğu ALDE-nin iyulun 3–4-də keçiriləcək növbəti Konqresində iştirak etməyi planlaşdırırdı.
Lakin sərhəd nəzarəti zamanı ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Arif Hacılı qeyd edib ki, qadağanın hansı dövlət qurumu tərəfindən və hansı səbəbdən tətbiq olunduğunu öyrənmək cəhdləri nəticəsiz qalıb, ona bu qərarın hüquqi əsasları barədə də heç bir izahat verilməyib.
Son açıqlamasında isə Müsavat rəsmisi bildirib ki, qadağanın səbəbləri hələ də ona məlum deyil. Bununla belə, ona gələcəkdə ölkə xaricinə səfər etməsi ilə bağlı hər hansı problemin olmayacağı bildirilib.
Sozcu.az
















