Azərbaycan Xalq Cəbhəsi tarixi ilə bağlı arxivin yaradılmasına ilk cəhd
1993-cü ildə Azərbaycan Xalq Cəbhəsinin tarixinin arxivləşdirilməsi məqsədi ilə bağlı AXC Ümumi İşlər şöbəsində arxiv bölməsi yaradılıbmış.
Həmin il mətbuatda vətəndaşlara müraciətdə qeyd edilir ki, Azərbaycan Xalq Cəbhəsi yarandığı gündən onun tarixinə dair bütün sənədlərin, fotomaterialların və əlyazmaların AXC Ümumi İşlər şöbəsində yaradılan arxiv bölməsinə təqdim etməyinizi xahiş edirik.
Azərbaycan Xalq Cəbhəsinin tarixi ilə bağlı gələcək nəsillərə dolğun, sistemli, orijinal sənədlərin qorunduğu bir fundamental baza yaradaraq miras qoymağı nəzərdə tutan layihə Azərbaycan tarixinin çox əhəmiyyətli bir mərhələsini təqdim edəcəkdi.
Ümumi İşlər şöbəsinin tərkibində ayrıca bir bölmə kimi yaradılmış arxiv bölməsi AXC-nin fəaliyyəti ilə bağlı bütün materialları tarixi irs kimi gələcək nəsillər üçün qoruyub saxlayacaqdı.
Arxivin yaradılması bu şəkildə planlaşdırılıbmış:
1987-ci ildən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin bütün çalarlarını əks etdirən çeşidli sənədlərin, audiovizual materialların toplanması.
Bütövlükdə Xalq Hərəkatı ilə bağlı olan sənədlərin toplanması.
Azərbaycan Xalq Cəbhəsinin 1989-cu ildən fəaliyyətini əks etdirən sənədlərin toplanması, AXC sədrinin, İdarə Heyətinin, AXC Ali Məclisinin, AXC Rəyasət heyətinin, AXC İcraiyyə Komitəsinin iclaslarının protokolları, qərarları, bəyanat və müraciətləri, AXC İK-nin şöbələrinin fəaliyyətini əks etdirən materialları, AXC mərkəzi qərargahında keçirilən ideoloji, siyasi, elmi-nəzəri konfrans və yığıncaqların, görüşlərin mətn və stenoqramları, AXC rayon şöbələrinin fəaliyyətini əks etdirən materiallar, AXC liderlərinin bu və ya digər formada ictimai-siyasi hadisə ilə əlaqədar çıxışlarının mətni və digər əhəmiyyətli sənədləri toplamaq.
Ceyhun Nəbi




















