Qarabağ veteranından Prezidentə müraciət: “Kəlbəcərimə qayıtmaq istəyirəm”

67 baxış

Kəlbəcər rayon sakini, keçmiş polis zabiti, Qarabağ müharibəsi veteranı Ramiz Abışov doğma yurduna qayıtmaq, Kəlbəcərdə yaşayış sahəsi və ixtisasına uyğun işlə təmin olunmaq üçün Prezident İlham Əliyevə müraciət edib.

Sozcu.az xəbər verir ki, Ramiz Abışov müraciətində 1969-cu ildə Kəlbəcər şəhərində anadan olduğunu, ali təhsilli hüquqşünas olduğunu və Azərbaycan Respublikasının daxili işlər orqanlarında 26 il xidmət etdiyini bildirib. O, polis mayoru rütbəsi ilə təqaüdə çıxdığını qeyd edib.

Veteranın sözlərinə görə, 1992–1993-cü illərdə Milli Qvardiyanın tərkibində Kəlbəcər, Qubadlı, Laçın, Füzuli və Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. Döyüşlər zamanı baş nahiyəsindən qəlpə yarası alıb.

Hazırda Abşeron rayonunun Xırdalan şəhərində məcburi köçkün kimi məskunlaşan Ramiz Abışov aldığı 80 manat veteran ödənişinin mövcud yaşayış xərcləri qarşısında yetərli olmadığını vurğulayıb.

O, müraciətində doğma Kəlbəcərə qayıdaraq öz torpağında yaşamaq və işləmək istədiyini bildirib.

Ramiz Abışov Prezidentdən Kəlbəcər şəhərində ona yaşayış sahəsinin ayrılmasına, həmçinin rayonda, o cümlədən “İstisu” Mineral Sudoldurma Zavodunda və ya digər dövlət müəssisələrində ali təhsilinə və ixtisasına uyğun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.

“Mən millətimi, dövlətimi və Vətənimi sevirəm. Ömrümün 26 ilini dövlətə, polisə, Vətənə xidmətdə keçirmişəm. İndi istəyirəm ki, öz torpağımda, Kəlbəcərimdə yaşayıb işləyim”, – deyə veteran müraciətində qeyd edib.

Ramiz Abışov müraciətini Prezident İlham Əliyevə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə ünvanlayıb. Müraciətin surəti Kəlbəcər rayonu üzrə Prezidentin səlahiyyətli nümayəndəsi Bəsir Hacıyevə də göndərilib.

Paylaş:

Əlaqəli məqalələr