Qoyun əti 27 manata yüksələ bilər – ekspert proqnozu
Azərbaycanda ət bazarında qiymət artımı ilə bağlı narahatlıqlar güclənir. Mütəxəssislər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, yaxın aylarda ət və ət məhsullarının qiymətində ciddi bahalaşma müşahidə oluna bilər.
Sozcu.az xəbər verir ki, hazırda paytaxtda bəzi market və satış məntəqələrində sümüklü mal ətinin bir kiloqramı təxminən 17 manata satılır.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son illərdə ölkədə ət istehsalındakı artım heyvanların baş sayının çoxalması hesabına deyil, onların kütləvi şəkildə kəsimə verilməsi hesabına baş verir.
Ekspertin sözlərinə görə, heyvanların baş sayında azalma müşahidə olunur ki, bu da gələcəkdə ət istehsalının azalmasına səbəb ola bilər.
“Ət istehsalında artım göstərilsə də, reallıqda heyvanların sayı azalır. Bu isə yaxın perspektivdə heyvandarlıq sektorunda ciddi problemlər yarada bilər”, – deyə o qeyd edib.
V.Məhərrəmli bildirib ki, yem bazasının zəifliyi, örüş sahələrinin azalması və istehsal xərclərinin artması fermerləri heyvan sayını azaltmağa məcbur edir. Nəticədə bazarda təklif azalır, bu isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Ekspert həmçinin vurğulayıb ki, əvvəllər Gürcüstan və digər ölkələrdən daha münasib qiymətə diri heyvan idxal edildiyi halda, hazırda həmin ölkələrdə də qiymətlərin yüksəlməsi idxalı bahalaşdırır.
Onun sözlərinə görə, Azərbaycanda istehlakçıların əsasən təzə ətə üstünlük verməsi də qiymət artımını sürətləndirən amillərdən biridir.
Vahid Məhərrəmli hesab edir ki, mövcud vəziyyət dəyişməzsə, ilin sonuna qədər mal ətinin bir kiloqramı 20 manata, qoyun ətinin qiyməti isə 25-27 manata qədər yüksələ bilər.


















