Natiq Cəfərli turizmdəki geriləmənin əsl səbəblərini açıqladı: "Müharibələri bəhanə etməyin!"
Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyəti sədrinin müavini Rəşad Əliyevin turizm axınının azalmasını Hindistan-Pakistan gərginliyi və Yaxın Şərqdəki münaqişələrlə əlaqələndirməsi iqtisadçı ekspert Natiq Cəfərlinin etirazına səbəb olub.
Sozcu.az xəbər verir ki, Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bu izahın reallığı tam əks etdirmədiyini bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Lakin eyni dövrdə region ölkələrində tam əks mənzərə müşahidə olunub.
İqtisadçı qeyd edib ki, Gürcüstan yanvar-may aylarında 1 milyon turist qəbul edib və ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım qeydə alıb. Avropa İttifaqı və Böyük Britaniyadan gələn turistlərin sayı 30 faiz, Səudiyyə Ərəbistanından gələn turistlərin sayı isə 36,3 faiz artıb.
Natiq Cəfərli əlavə edib ki, Ermənistanı isə həmin dövrdə 825 min 384 turist ziyarət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım və ölkə tarixində rekord göstəricidir. Onun sözlərinə görə, Hindistan və Körfəz ölkələrindən Ermənistana gələn turistlərin sayında da ciddi artım qeydə alınıb.
Ekspert bildirib ki, əgər Hindistan-Pakistan gərginliyi və Yaxın Şərqdəki münaqişələr əsas səbəb olsaydı, bu təsir regionun bütün ölkələrində hiss edilməli idi.
Natiq Cəfərli hesab edir ki, turizmdəki azalmanın əsas səbəbləri bağlı qalan quru sərhədləri, sektorda rəqabətin zəif olması və dövlət qurumlarının turizm sahəsinə həddindən artıq müdaxiləsidir. O, bu problemlərin açıq müzakirə edilməsinin vacibliyini vurğulayıb


















