İsmayıllıda sakinlərin işıq narazılığı: “Artıq dözmək olmur”

152 baxış

İsmayıllı rayonunun Topçu və Buynuz kəndlərinin sakinləri elektrik enerjisi ilə bağlı Sozcu.az saytına şikayət ünvanlayıblar.

Sakinlər bildiriblər ki, rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi problemi illərdir həll olunmadan qalır. Onların sözlərinə görə, dövlət büdcəsindən İsmayıllı rayonunun enerji təminatının yaxşılaşdırılması üçün vəsait ayrılsa da, kəndlərdə vəziyyət dəyişməyib.

Sakinlər iddia edirlər ki, elektrik enerjisinin gün ərzində dəfələrlə kəsilib-bərpa olunması artıq adi hala çevrilib. Onların sözlərinə görə, işığın tez-tez yanıb-sönməsi evlərdə istifadə olunan elektrik avadanlıqlarının sıradan çıxmasına səbəb olur və sakinlərə maddi ziyan vurur.

Şikayətçilər qeyd edirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların narazılığına ciddi şəkildə baxılmayıb.

“İşıqlar gün ərzində dəfələrlə yandırılıb-söndürülür. Bu vəziyyət artıq insanların əsəblərini tükəndirib. Sanki əsəblərimiz üzərində sınaq keçirilir”, – deyə sakinlər bildiriblər.

Sakinlər ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı da aidiyyəti qurumların araşdırma aparmasını istəyirlər.

Topçu və Buynuz kəndlərinin sakinləri aidiyyəti qurumlardan elektrik enerjisi probleminin təcili şəkildə həll olunmasını və kəndlərə fasiləsiz, keyfiyyətli elektrik enerjisinin verilməsini xahiş edirlər.

Qeyd: Sakinlərin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

Əlaqəli məqalələr