Maaş və pensiyalarla bağlı gözlənti – 2027-ci ildə yeni artım olacaq?
“Maaş və pensiyaların artırılması məsələsi gündəmdə olsa da, 2026-cı ilin sentyabrına olan məlumata görə, yaxın həftələr və ya aylar üçün bütün əməkhaqlarını əhatə edən yeni ümumi artımla bağlı rəsmi qərar elan edilməyib.
Pensiyalar 2026-cı ildə 9,3 faiz artırılıb. Prezidentin 9 fevral 2026-cı il tarixli sərəncamına əsasən, əmək pensiyaları 1 yanvar 2026-cı il tarixindən 9,3 faiz indeksləşdirilib. Artım bütün növ əmək pensiyalarına tətbiq olunub”.
Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında səsləndirib:
“2026-cı il martın 1-nə orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edib. Hazırda minimum əməkhaqqı 400 manat, minimum əmək pensiyası isə 320 manatdır. 2026-cı il üzrə yaşayış minimumu ölkə üzrə 300 manat, pensiyaçılar üçün isə 245 manat müəyyən edilib.
Bununla yanaşı, qiymət artımı da davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,6 faiz yüksəlib”.
Ekspert bildirib ki, pensiyalarda 2027-ci il üçün artım mexanizmi daha aydındır.
“Qanunvericiliyə əsasən, əmək pensiyalarının indeksləşdirilməsi əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun həyata keçirilir. Bu baxımdan, 2027-ci ilin yanvarında növbəti indeksləşmənin həyata keçirilməsi gözlənilir.
Əməkhaqlarında isə vəziyyət fərqlidir. Minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışanların maaşlarının artırılması ayrıca Prezident sərəncamları və digər müvafiq qərarlarla müəyyənləşdirilir. 2026-cı il ərzində bəzi kateqoriyalar üzrə, o cümlədən dövlət qulluğunda əməkhaqqı dəyişiklikləri həyata keçirilib”.
Professor vurğulayıb ki, dövlət sektorunda çalışan və əməkhaqlarında artım olmayan şəxslər istehlak qiymətlərindəki dəyişiklikləri nəzərə alaraq maaşlarının artırılmasını gözləyirlər.
R.Sabirin sözlərinə görə, hazırda ərzaq inflyasiyasının ümumi inflyasiyadan yüksək olması xüsusilə pensiyaçıların və aşağı gəlirli ailələrin real gəlirlərinin qorunması məsələsini aktuallaşdırır.
Professor onu da qeyd edib ki, qiymət artımının maaş və pensiyaların artım tempini üstələməsi əhalinin real alıcılıq qabiliyyətinə mənfi təsir göstərə və sosial narazılıqları artıra bilər.


















