Hicab və təhsil hüququ: Konstitusiya nə deyir?
Son günlər təhsil müəssisələrində hicabla bağlı müzakirələr yenidən gündəmə gəlib. Məsələnin hüquqi tərəfinə baxdıqda isə bir neçə konstitusion norma eyni vaxtda nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət həmçinin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Digər tərəfdən, Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığını təmin edir. Hər kəs öz dininə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək və dini əqidəsini ifadə etmək hüququna malikdir.
Konstitusiyanın 25-ci maddəsi isə daha bir mühüm prinsip müəyyən edir. Dövlət dinindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir və dini mənsubiyyətə görə hüquq və azadlıqların məhdudlaşdırılmasını qadağan edir.
Bununla yanaşı, Konstitusiyanın 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil sistemi dünyəvi xarakter daşıyır. Lakin “dünyəvi təhsil” anlayışının özü avtomatik olaraq dini geyimin qadağan edilməsi demək deyil. Burada vicdan azadlığı, bərabərlik və təhsil hüququ da nəzərə alınmalıdır.
2026-cı ilin iyulunda “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklə dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi müəyyənləşdirilib. Qanunda isə konkret olaraq “hicab qadağandır” ifadəsi yoxdur.
Həmin dəyişikliklərlə Nazirlər Kabinetinə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərini müəyyənləşdirmək və şagirdlərin geyim formaları ilə bağlı mövcud qaydalara dəyişikliklər etmək tapşırılıb.
Burada əsas hüquqi sual yaranır:
Ümumi geyim qaydası müəyyən edilərkən dini etiqadın ifadəsi olan hicabın taxılması qadağan edilərsə, bu məhdudiyyət Konstitusiyanın 25, 42 və 48-ci maddələri ilə necə uzlaşdırılacaq?
Bu suala yalnız “Azərbaycan dünyəvi dövlətdir” cavabı vermək kifayət etmir. Çünki Konstitusiya eyni zamanda dövlətə həm dünyəvi təhsil sistemi qurmaq, həm də insanların dini etiqad və təhsil hüquqlarını qorumaq öhdəliyi qoyur.
Əgər müəyyən bir şəxs dini etiqadına uyğun hicab taxdığı üçün təhsil almaq imkanından məhrum edilirsə, burada artıq geyim qaydasından əlavə, həmin şəxsin konstitusion təhsil hüququna və vicdan azadlığına müdaxilənin olub-olmaması məsələsi də ortaya çıxır.
Bu baxımdan, hüquqi müzakirənin əsas sualı “hicab dini geyimdir, ya yox?” deyil. Əsas sual budur:
Dövlətin müəyyən etdiyi geyim qaydası dini etiqad azadlığı ilə təhsil hüququ arasında Konstitusiyanın tələb etdiyi hüquqi balansı qoruyurmu?
Azərbaycan Konstitusiyası ən yüksək hüquqi qüvvəyə malikdir və bütün qanunvericilik aktları ona uyğun olmalıdır.
Deməli, məktəblərdə vahid geyim qaydasının tətbiqi ayrıca hüquqi əsaslara malik ola bilər. Lakin bu qaydanın hicab məsələsində tətbiqi zamanı vicdan azadlığı, dini ayrı-seçkiliyin yolverilməzliyi və təhsil hüququ da ayrıca nəzərə alınmalıdır.
Məsələnin yekun hüquqi qiyməti isə konkret olaraq qəbul ediləcək geyim qaydasının məzmunundan və onun necə tətbiq olunacağından asılı olacaq.


















