Ölkənin bir sıra bölgələrinə güclü leysan yağır – Faktiki hava açıqlandı
Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatına görə, hazırda ölkənin bəzi bölgələrində şimşək çaxır, yağış yağır, ayrı-ayrı ərazilərdə isə yağıntılar leysan xarakteri daşıyır.
Məlumata əsasən, ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Burada 54 mm yağıntı düşüb ki, bu da aylıq normanın təxminən 30 faizini təşkil edir. Kəlbəcərdə 26 mm, Şəki, Mingəçevir və Şahbuzda 9 mm, Zaqatala, Altıağac, Qusarın Laza kəndi və Şahdağda 7 mm yağıntı qeydə alınıb.
Bundan başqa, Qrız və Ağdamda 5 mm, Bərdə və Beyləqanda 4 mm, Yardımlı və İmişlidə 3 mm, Sədərəkdə 2 mm, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Astara, Biləsuvar, Kürdəmir, Sabirabad, Naxçıvan, Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Tovuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Şirvan, Tərtər, Zərdab, Cəfərxan və Lerikdə isə 1 millimetrədək yağıntı müşahidə olunub.
Səhər saatlarından etibarən Bakı və Abşeron yarımadasında da yağış yağır. Sinoptiklərin məlumatına görə, paytaxtın bəzi ərazilərində yağıntılar lokal leysan xarakteri alıb.


















