Göyçayda silinən piyada zolaqları təhlükə yaradır - VİDEO
Göyçay şəhərində mərkəzi küçələrində piyada zolaqlarının silinməsi piyadalara və sürücülərə bir sıra çətinliklər yaradır.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mövcud problemlə bağlı yerli sakinlər narazı olduqlarını bildirirlər. Bəzi ərazilərdə piyada zolağının qismən, bəzi yerlərdə isə tamamilə silindiyi müşahidə olunur. Sakinlərin sözlərinə görə, əvvəllər elə yollar var ki, orada piyada zolağı olub, lakin silindiyi üçün indi yoxdur. Xüsusilə axşam və gecə saatlarında yollarda görmə məhdudiyyətinin yaranması səbəbindən bu problem istər sürücülər, istərsə də piyadalar arasında çaşqınlıq və çətinliklər yaradır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin Göyçay filialına yollandıq. İdarədən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu yolların təmiri onların balansında deyil, Göyçay Şəhər Bələdiyyəsinin balansındadır. Sorğumuza cavab olaraq Göyçay Şəhər Bələdiyyəsindən isə bildirildi ki, mövcud problemin həlli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı Yol İstismarı İdarəsinin balansındadır.


















