Demoqrafik siqnal: Doğumlar azalır, əhali artımı zəifləyir
Azərbaycanda son illərdə doğum, ölüm və nikah göstəricilərində diqqətçəkən dəyişikliklər müşahidə olunur. Müsavat Partiyasının Gender Komissiyasının sədri Könül Alı bu mövzuda apardığı araşdırmada ölkənin demoqrafik vəziyyətini rəsmi statistik göstəricilər əsasında təhlil edib.
Onun araşdırmasına görə, Dövlət Statistika Komitəsi və Ədliyyə Nazirliyinin məlumatları son illərdə doğum sayının azaldığını, ölüm göstəricisinin nisbətən sabit qaldığını, nikahdankənar doğumların isə ardıcıl şəkildə gerilədiyini göstərir.

Araşdırmada qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda 95 min 875 uşaq doğulub. Halbuki, 2024-cü ildə bu göstərici 102 min 310 idi. Beləliklə, əhalinin hər 1000 nəfərinə düşən doğum əmsalı 10,0-dan 9,4-ə enib.
Doğulan uşaqların təxminən 53 faizi oğlan, 47 faizi isə qız olub. Ötən il 3170 əkiz və 117 üçəm doğumu qeydə alınıb. Doğum səviyyəsi Dağlıq Şirvan (11,8), Qarabağ (11,3) və Lənkəran-Astara (11,2) iqtisadi rayonlarında ölkə üzrə orta göstəricidən yüksək olub.
2026-cı ilin yanvar-fevral aylarına dair məlumatlar da azalma tendensiyasının davam etdiyini göstərir. Həmin dövrdə 14 min 797 doğum qeydə alınıb və hər 1000 nəfərə düşən doğum əmsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7-dən 8,9-a enib.
Məqalədə bildirilir ki, sosioloqlar bu azalmanı son onilliklərin ən aşağı doğum səviyyələrindən biri kimi qiymətləndirir və bunu ailə qurma yaşının yüksəlməsi, gənclərin nikaha daha ehtiyatla yanaşması, eləcə də sosial-iqtisadi amillərlə əlaqələndirirlər.
Araşdırmada ölüm statistikası da təhlil edilir. Bildirilir ki, 2025-ci ildə ölkədə 59 min 834 ölüm halı qeydə alınıb. 2024-cü ildə bu göstərici 58 min 909 olub. Hər 1000 nəfərə düşən ölüm əmsalı isə hər iki ildə təxminən 5,8 səviyyəsində qalıb. Bu isə doğum sayının azalması fonunda təbii artım tempinin zəiflədiyini göstərir.
Könül Alı nikahdankənar doğumların da son illərdə ardıcıl şəkildə azaldığını diqqətə çatdırır. Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə 18 min 814, 2023-cü ildə 15 min 622, 2024-cü ildə 13 min 228, 2025-ci ildə isə 11 min 558 nikahdankənar doğum qeydə alınıb. Beləliklə, dörd il ərzində bu göstərici təxminən 39 faiz azalıb.
Araşdırmada qeyd olunur ki, 2025-ci ildə ölkədə 48 min 546 nikah, 20 min 675 boşanma qeydə alınıb. Hər 1000 nəfərə düşən nikah əmsalı 4,9-dan 4,7-yə, boşanma əmsalı isə 2,1-dən 2,0-a enib. Nikah səviyyəsi ən yüksək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb.
Müəllif nəticə olaraq bildirir ki, statistik göstəricilər Azərbaycanda demoqrafik artım tempinin zəiflədiyini göstərir. Doğum və nikah sayının azalması, ölüm göstəricisinin sabit qalması təbii artımın sürətini aşağı salır. Bununla yanaşı, nikahdankənar doğumların nəzərəçarpacaq dərəcədə azalması ailə institutunda baş verən dəyişikliklərin də göstəricisi hesab oluna bilər.
Qeyd edək ki, araşdırma hazırlanarkən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ədliyyə Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub


















