Qoyun və donuz ətinin nişanlanması neçəyə başa gələcək?
Qoyun və donuz ətinin nişanlanmasına görə dövlət rüsumu 2 dəfə azaldılır.
Sozcu.az xəbər verir ki, bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qoyun və donuz ətinin bir cəmdəyinin, eləcə də donuz piyinin bir partiyasının baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya məhsulun üzərinə nişan qoyulması üçün 4 manat dövlət rüsumu ödənilir.
Təklif olunan dəyişikliyə əsasən, bu məbləğin 2 manata endirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, qoyun və donuz ətinin nişanlanması üçün müəyyən edilmiş 4 manatlıq rüsum sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Bu isə məhsulların maya dəyərinə və nəticədə satış qiymətlərinə təsir göstərir.
Bundan başqa, rüsumun yüksək olması bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətinə rəvac verən amillərdən biri kimi qiymətləndirilir.
Dəyişikliyin əsas məqsədi sahibkarların maliyyə yükünü azaltmaq və qanuni heyvan kəsimini təşviq etməkdir.


















