Kiçik mağazalar yox olmaq təhlükəsində - CİDDİ XƏBƏRDARLIQ
“Elektron ticarətin sürətli inkişafı kiçik mağazalara həm birbaşa, həm də dolayı yolla ciddi təsir göstərir. İnsanların çoxu artıq evdən çıxmadan, bir neçə kliklə istədiyi məhsulu daha ucuz və rahat şəkildə əldə edə bildiyi üçün ənənəvi mağazalara olan müraciət azalır. Xüsusilə kirayə xərcləri, işçi maaşları və digər əməliyyat xərcləri yüksək olan kiçik bizneslər üçün bu, ciddi maliyyə təzyiqi yaradır, çünki onlar böyük onlayn platformalarla qiymət və çeşid baxımından rəqabət aparmaqda çətinlik çəkirlər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, ən çox zərər görən sahələr adətən geyim, elektronika, kitab və məişət texnikası kimi standartlaşdırılmış, asanlıqla onlayn təsvir olunan və müqayisə edilə bilən məhsullar satan mağazalardır:
“Belə məhsullarda alıcı üçün fiziki toxunma və ya sınaqdan keçirmə həlledici amil olmadığından, insanlar daha ucuz qiymət təklif edən onlayn satıcıları seçirlər. Bunun əksinə, təzə qida, xüsusi xidmət tələb edən sahələr (məsələn, təmir emalatxanaları, kafe və ya fərdi xidmət göstərən sahibkarlıq növləri) nisbətən daha az təsirlənir.
Kiçik mağazaların rəqabət aparması üçün bir neçə strategiya var. Onlar öz onlayn satış kanallarını yarada bilər, sosial mediadan fəal istifadə edərək yerli müştəri bazası ilə birbaşa əlaqə qura bilər, məhsul və xidmətlərini fərdiləşdirərək müştəriyə unikal təcrübə təklif edə bilər. Həmçinin sürətli çatdırılma, şəxsi münasibət və yerli icma ilə sıx bağlılıq kimi üstünlüklər onlara böyük platformalarla fərqlənmək imkanı verir”.
A.Nəsirli qeyd edib ki, onlayn satışın qiymətlərə təsiri danılmazdır:
“Rəqabətin artması qiymətlərin ümumilikdə aşağı düşməsinə səbəb olur, çünki satıcılar daha geniş auditoriyaya çıxış əldə edərək aşağı marjlarla da mənfəət qazana bilirlər. Bu da ənənəvi mağazaları qiymətlərini uyğunlaşdırmağa məcbur edir, bəzən isə bu mümkün olmadığı üçün onlar bazardan çıxmaq məcburiyyətində qalır.
Gələcəkdə ənənəvi mağazaların sayının tamamilə yox olacağını demək düzgün olmasa da, onların sayının azalacağı və formalaşmasının dəyişəcəyi gözlənilir. Fiziki mağazalar getdikcə daha çox təcrübə mərkəzlərinə, nümayiş yerlərinə və ya "click-and-collect" (onlayn sifariş, mağazadan götürmə) modelinə keçəcək. Sağ qalanlar isə əsasən unikal, fərdi və ya təcrübəyə əsaslanan xidmət təklif edən mağazalar olacaq”.


















