Turşsu bulağına gedən yol betonla bağlanıb – Səbəbi nədir?
Sozcu.az xəbər portalının rəhbəri, jurnalist Elşən Əlisoy Şuşanın məşhur Turşsu bulağında rastlaşdığı vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirib.
Elşən Əlisoyun sözlərinə görə, Turşsu bulağı Şuşanın tanınmış mineral su mənbələrindən biridir. Rəsmi məlumatlarda da bulağın Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə yerləşdiyi və suyunun müxtəlif faydalı mikroelementlərlə zəngin olduğu bildirilir.
Jurnalist qeyd edib ki, Qarabağa səfər edən insanların bir qismi Turşsu bulağından su götürmək istəyir. Lakin bulağa gedən yolun torpaq və beton maneələrlə bağlanması insanların ciddi çətinliklə üzləşməsinə səbəb olur.
“Hər dəfə tənqidi yazmaq bəlkə də yaxşı çıxmır. Amma bəzi məsələlər var ki, yazmamaq da olmur”, – deyə Elşən Əlisoy bildirib.
Onun sözlərinə görə, hazırda insanlar avtomobillə bulağın yaxınlığına qədər gedə bilmədikləri üçün təxminən 2 kilometr yolu piyada getməli və doldurduqları su qablarını həmin məsafəni geri daşımalı olurlar.
Əlisoy yolun bağlanmasının səbəbinin ərazinin zibillənməsi ilə bağlı olduğunu eşitdiyini bildirib:
“Ətrafın zibillənməsi ilə bağlı iradın əsası var. Təəssüf ki, insanlar bəzən təbiətə qarşı məsuliyyətsiz davranırlar. Amma yolu bağlamaq problemin həlli deyil. Onsuz da insanlar piyada da olsa bulağa gedirlər.”
Jurnalist hesab edir ki, bunun əvəzinə ərazidə təmizliyin və nəzarətin düzgün təşkil olunmasına ehtiyac var.
“Maraqlısı budur ki, bulağın ətrafına bir neçə zibil qutusu qoyulub. Amma həmin zibil qutularındakı tullantıları götürmək üçün maşın yolu yoxdur. Yəni zibil qutusu var, amma qabdakı zibilləri götürən yoxdur”, – deyə o vurğulayıb.
Elşən Əlisoy qeyd edib ki, Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır və bölgədə böyük canlanma müşahidə olunur. Onun fikrincə, belə proseslərin fonunda ayrı-ayrı ərazilərdəki xırda, lakin insanlara birbaşa təsir edən problemlərə də diqqət yetirilməlidir.
“Həqiqətən də, hər zaman neqativ məsələlərdən yazmaq istəmirəm. Qarabağda möhtəşəm canlanma var. Amma bununla yanaşı, çatışmazlıqlar da çoxdur. Təəssüf ki, bu çatışmazlıqların əksəriyyəti işə məsuliyyətsiz, ‘başdan elədi’ yanaşmanın nəticəsidir. Turşsuda da problemin həll yolu yolu bağlamaq yox, həm təbiəti qorumaq, həm də insanlara normal şərait yaratmaqdır”, – deyə Sozcu.az-ın rəhbəri bildirib.




















