“Avropa dağılır, Amerika çökür”, Ağsu isə işıq gözləyir
“Azərbaycan günü-gündən inkişaf edir” sözlərini eşidəndə nədənsə gözümün önünə yaşadığım Ağsu rayonunun işıqları gəlir. Daha doğrusu, işıqsızlığı...
Ağsunun elektrik işıqları artıq adi işıq deyil, az qala “svetofor” funksiyasını yerinə yetirir: yanır, sönür, yenə yanır, yenə sönür... Bəzən elə tez-tez yanıb-sönür ki, adam bilmir, evdə oturub, yoxsa diskotekaya düşüb.
Düşünürəm ki, yəqin, Ağsu rayonu dövlətin yadından çıxıb. Yoxsa hər gün televiziya ekranlarından “Avropa dağılır”, “Amerika çökmək üzrədir” deyən, “dağılan Almaniya”dan reportajlar hazırlayan AZTV-nin diqqətindən Ağsunun gündə az qala 50 dəfə yanıb-sönən işıqları necə yayına bilər?
Bəzən də fikirləşirəm ki, bəlkə Ağsuda insanların əsəbləri üzərində hansısa elmi araşdırma aparılır. Görəsən, insan gündə neçə dəfə işığın sönməsinə dözə bilər? Neçə dəfə “indi də getdi” deyib əsəbiləşə bilər? Bəlkə də bu, hələ elmə məlum olmayan yeni bir psixoloji təcrübədir.
Axı ilin günün bu vaxtıdır. Texnologiya elə bir həddə çatıb ki, artıq avtomobillərin yox, velosipedlərin belə enerji ilə işlədiyi bir dövrdəyik. Amma 70 minə yaxın insanın yaşadığı bir rayonun işıq problemi hələ də həll olunmayıb.
Bu qədər yazılır, bu qədər deyilir, bu qədər şikayət edilir, amma nəticə yoxdur.
Bəlkə düşmənlərimiz Ağsu rayonuna havadan hücum planlayıblar, bizim xəbərimiz yoxdur? Bəlkə rayonda fövqəladə vəziyyət rejimi elan olunub? Əgər belədirsə, onda bircə xahişimiz var: aidiyyəti qurumlar birdəfəlik tapşırıq versinlər, evlərimizin pəncərələrini çöldən bağlayaq ki, içəridən gələn işıq düşmənə istiqamət göstərməsin.
Görəsən, Azərbaycanda Ağsu qədər işığı sönən ikinci bir rayon varmı?
Göydən başına bomba yağan yerlərdə belə bəlkə işıqlar bu qədər yanıb-sönmür. Bizdə isə bir şikayət edən kimi məsələni yağışın, küləyin, qarın üstünə atırlar.
Bəyəm yağış yağanda işıqlar mütləq sönməlidir?
Mən bilən, bir neçə il bundan əvvəl Ağsuda elektrik xətlərinin bərpası üçün kifayət qədər vəsait ayrılmışdı. Amma görünür, ya ayrılan vəsaitin yolu Ağsuya qədər çatmayıb, ya da işıq xətlərinə çatmamış hansısa başqa istiqamətə dönüb.
Bu dəfə işdi də, birdən dövlətin yadına Ağsu rayonu düşsə, xahiş edirəm, ayrılan vəsaitə hər evə bir işıq generatoru versinlər. Heç olmasa, camaat öz işığını özü yandırsın.
Ya da vəsait ayıranda məmurlar üçün ayrı, işıq xətləri üçün ayrı vəsait ayırsınlar. Heç olmasa, cibə gedən cibə, işə gedən isə işə getsin.
Çünki Ağsunun daha bir neçə il “svetofor” kimi yanıb-sönməyə səbri qalmayıb.
Rayon işıq istəyir. Böyük bir şey də istəmir — sadəcə, işıq.
Elşən Əlisoy


















