Kəlbəcərdə duyğusal anlar: 33 il sonra şəhidin nəşi dəfn edildi
Jurnalist Pərviz Həşimli Kəlbəcərin Zar kənd sakinlərinin 33 il sonra Meydançay ərazisində qalıqları tapılan keçmiş icra nümayəndəsi Bahadur Kamalovun dəfn mərasimində iştirak etdiklərini bildirib.
Pərviz Həşimlinin sözlərinə görə, 33 ilin intizarı başa çatıb.
Jurnalist qeyd edib ki, Bahadur Kamalovun qızı itkin düşən atasının yolunu gözlədiyi 33 il ərzində ailə həyatı qurmayıb.
Onun sözlərinə görə, qız bu müddət ərzində döşəkdə yox, taxta üzərində yatıb və heç bir toy məclisinə getməyib.
"Dünən onların intizarı bitdi. Artıq ziyarət edəcəkləri bir məzar var", – deyə Pərviz Həşimli bildirib.
Jurnalist həmçinin Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyevə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə təşəkkür edərək, onların dəfn mərasimində Zar kənd sakinləri ilə birlikdə olduqlarını vurğulayıb.


















