Bakıda sürücüləri yeni ödəniş gözləyir
Bakıda avtomobillərin ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Sozcu.az xəbər verir ki, bu, “Avtomobil yolları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Həmin zonalara girişdən toplanan ödənişlər dövlət büdcəsinə yönəldiləcək.
Dəyişiklik layihəsində, həmçinin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılara məsafə əsaslı nəqliyyat xidmətlərinə görə subsidiyaların dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Subsidiyaların ayrılması müvafiq qurumun müəyyən etdiyi qaydada həyata keçiriləcək.


















