Qarabağın bərpasında ciddi nöqsanlar: rəsmi səviyyədə etiraflar artır

47 baxış

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma, şəhər və qəsəbələrin bərpası ilə bağlı problemlər yenidən gündəmə gəlib. Bu istiqamətdə səsləndirilən tənqidlər və narahatlıqlar artıq rəsmi açıqlamalarda da öz əksini tapmağa başlayıb.

Daha əvvəl də qeyd olunurdu ki, layihələri hazırlayan şəxslər ərazilərə yerində baxış keçirmədən, real vəziyyəti dərindən araşdırmadan planlar tərtib edirlər. Nəticədə bölgələrin coğrafiyası, relyefi və torpaq quruluşu kifayət qədər nəzərə alınmır. Hətta bəzi hallarda kəndlərin ləğvi və birləşdirilməsi prosesində də ciddi nöqsanlara yol verildiyi bildirilir. Layihələrin əsasən Bakıda, kabinet şəraitində hazırlandığı vurğulanır.

Bu məsələlər Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun son müsahibəsində də öz əksini tapıb. O bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan vəsaitlərdən hər zaman səmərəli istifadə olunmayıb və bir sıra tikinti layihələri düzgün, effektiv şəkildə hazırlanmayıb.

Xüsusilə qeyd olunur ki, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı ərazinin təbii relyefi tam nəzərə alınmayıb. Bunun nəticəsində süni torpaq tökmə işləri artıb, bəzi hallarda isə heç bir əsaslı zərurət olmadan torpaq qazılıb və yenidən doldurulub. Bu isə əlavə büdcə xərclərinə səbəb olub.

Bununla yanaşı, bəzi ekspertlər hesab edir ki, rəsmi qurumlar məsələyə daha çox yumşaq və məhdud çərçivədə yanaşır. Onların fikrincə, daha obyektiv və geniş araşdırma aparılarsa, bəzi yaşayış məntəqələrinin uyğun olmayan ərazilərdə salındığı, tikinti keyfiyyətinin aşağı olduğu və layihələrin ciddi qüsurlarla hazırlandığı daha açıq şəkildə üzə çıxa bilər.

Eyni zamanda maliyyə pozuntuları, vəsaitlərin qeyri-səmərəli xərclənməsi və korrupsiya ehtimalları ilə bağlı iddiaların da araşdırılmasına ehtiyac olduğu vurğulanır.

Qeyd edək ki, bu fikirlər Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı tərəfindən sosial şəbəkədə paylaşılıb. Onun sözlərinə görə, artıq rəsmi səviyyədə də Qarabağın bərpası prosesində bəzi dövlət qurumları və özəl şirkətlərin ciddi nöqsanlara yol verdiyi etiraf olunur.