Fermerlər əziyyət çəkirlər: bu bölgələrdə su qıtlığı var

122 baxış

Bu il müşahidə olunan anomal istilər və bəzi bölgələrdə yaşanan suvarma suyu çatışmazlığı kənd təsərrüfatı sektorunda məhsuldarlıqla bağlı narahatlıqları yenidən gündəmə gətirib. Ötən il hava şəraitinin kəskin dəyişməsi əkin sahələrində ciddi tələfata səbəb olsa da, cari mövsümdəki vəziyyət nisbətən fərqlidir.

Məsələ ilə bağlı Modern.az-a danışan aqrar sahə üzrə ekspert, iqtisadçı Akif Nəsirli bildirib ki, anomal istilər kənd təsərrüfatına ciddi təsir göstərə bilər:

“Uzun müddət davam edən yüksək temperatur torpaqda rütubətin azalmasına, bitkilərin inkişafının zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xüsusilə tərəvəz, meyvə, qarğıdalı, pambıq və yem bitkiləri isti hava və su çatışmazlığına daha həssasdır. Bununla belə, ölkə üzrə nə qədər məhsulun zərər gördüyünü və ya tələf olduğunu yalnız mövsüm başa çatdıqdan və rəsmi qiymətləndirmələr aparıldıqdan sonra dəqiq demək mümkündür”.

Ekspertin sözlərinə görə, yay aylarında suvarma suyu çatışmazlığı daha çox Aran iqtisadi rayonu, Mil-Muğan, Şirvan-Salyan, Qarabağ düzənliyi və bəzi qərb rayonlarında hiss olunur. Su ehtiyatlarının azalması, çaylarda axının zəifləməsi və yüksək buxarlanma su təminatını çətinləşdirən əsas amillərdəndir:

“Problemin həlli üçün suvarma qrafiklərinin tənzimlənməsi, magistral və təsərrüfatdaxili kanalların təmizlənməsi, nasos stansiyalarının gücləndirilməsi və mövcud su ehtiyatlarının daha səmərəli bölüşdürülməsi istiqamətində tədbirlər görülür. Uzunmüddətli perspektivdə isə damcı və yağmurlama suvarma sistemlərinin geniş tətbiqi, su itkilərinin azaldılması və yeni su anbarlarının yaradılması bu problemin həlli üçün əsas istiqamətlər hesab olunur”.

A.Nəsirli əlavə edib ki, ümumilikdə bu il havanın temperaturu ötən illərə nisbətən o qədər də yüksək deyil və isti günlər uzun müddət davamlı xarakter daşımır.

Paylaş:

Əlaqəli məqalələr