Könül Alı: Azərbaycanda işləyən qadınların təxminən üçdə ikisi əmək müqaviləsi ilə çalışmır

166 baxış

Azərbaycanda məşğul qadınların böyük hissəsinin formal əmək münasibətlərindən kənarda qalması ciddi sosial və iqtisadi problem olaraq qalır.

Bunu Müsavat Partiyası Gender Komissiyasının sədri Könül Alı Azərbaycanda qadın məşğulluğu ilə bağlı apardığı araşdırmada qeyd edib.

Könül Alının sözlərinə görə, Azərbaycanda qadınların əmək bazarındakı vəziyyəti əsasən maaş fərqi prizmasından qiymətləndirilir. Hazırda qadınların orta aylıq gəliri kişilərin qazancının 69,1 faizini təşkil edir. Lakin bu göstərici yalnız rəsmi əmək münasibətlərində olan qadınların vəziyyətini əks etdirir.

Araşdırmaya əsasən, Azərbaycanda işçi qüvvəsində olan qadınların sayı 2 milyon 571 min, məşğul qadınların sayı isə 2 milyon 414 min nəfərdir. Əmək müqaviləsi ilə rəsmi çalışan qadınların sayı isə 722 min 147 nəfərdir.

Bu rəqəmlər göstərir ki, məşğul qadınların yalnız təxminən 30 faizi əmək müqaviləsi ilə rəsmi işləyir. Qalan təxminən 1,7 milyon qadın isə formal əmək müqaviləsi çərçivəsindən kənarda qalır.

Könül Alı vurğulayır ki, bu, həmin qadınların hamısının qeyri-rəsmi işlədiyi anlamına gəlmir. Bu kateqoriyaya fərdi sahibkarlar, ailə təsərrüfatında muzdsuz çalışanlar və digər məşğulluq formalarında olan şəxslər də daxildir. Lakin göstəricilər Azərbaycanda “məşğul qadın” ilə “əmək müqaviləsi olan və sosial təminatla qorunan qadın” arasında ciddi fərq olduğunu ortaya qoyur.

Məqalə şəkli

Kənd təsərrüfatında qadın əməyinin böyük hissəsi görünməz qalır

Araşdırmada kənd təsərrüfatı sektoru qadınların qeyri-formal məşğulluğunun əsas mənbələrindən biri kimi göstərilir.

Könül Alının qeyd etdiyi kimi, kənd təsərrüfatında əmək çox vaxt ailə təsərrüfatı modeli əsasında həyata keçirilir. Qadın ailənin torpaq və heyvandarlıq təsərrüfatında çalışsa da, bu fəaliyyət rəsmi işə qəbul, əmək müqaviləsi və əməkhaqqı ödənişi formasında rəsmiləşdirilmir.

Nəticədə həmin qadın məşğul əhali kimi statistikada görünür, lakin onun sosial sığorta stajı və gələcək pensiya təminatı baxımından vəziyyəti daha zəif olur.

Qeyri-rəsmi işin qadınlar üçün ağır nəticələri

Araşdırmada qeyri-rəsmi məşğulluğun əsas riskləri də sadalanır.

Əmək müqaviləsi olmayan işçi istehsalat qəzası və ya peşə xəstəliyi zamanı sığorta təminatından yararlanmaqda çətinlik çəkə bilər. Eyni zamanda sosial sığorta haqları fərdi hesabda toplanmadığından gələcək pensiya təminatı baxımından problemlər yarana bilər.

Əməkhaqqı ilə bağlı mübahisələr zamanı isə əmək münasibətinin mövcudluğunu məhkəmədə sübut etmək çətinləşir.

Könül Alı hesab edir ki, bu problemlər qadınlar üçün daha ağır nəticələr doğura bilər. Çünki qadınlar onsuz da əməkhaqqı fərqi, doğuşla bağlı əmək fasilələri, əmlak və kredit əlçatanlığı kimi bir sıra iqtisadi problemlərlə üzləşirlər.

Qadınları qeyri-formal məşğulluğa nə yönəldir?

Araşdırmada qadınların qeyri-formal əmək bazarında daha çox görünməsinin bir neçə səbəbi göstərilir.

Bunların sırasında kənd təsərrüfatı, xidmət sektoru, xırda ticarət və ev əməyinin qeyri-formal məşğulluğun geniş yayıldığı sahələr olması xüsusi qeyd edilir.

Digər mühüm amil uşaq baxımıdır. Tam ştatlı və sərt iş qrafiki qadınların bir hissəsi üçün uyğun olmadığından onlar evdə əl işi satışı, qeyri-rəsmi dərs demək və mövsümi kənd təsərrüfatı işləri kimi çevik, lakin sosial təminatı zəif fəaliyyətlərə üstünlük verirlər.

Araşdırmada xidmət müqavilələri və fərdi sahibkarlıq məsələsinə də toxunulur. Qeyd olunur ki, bəzi hallarda faktiki olaraq əmək müqaviləsi ilə işləyən şəxslər xidmət müqaviləsi əsasında fərdi sahibkar kimi rəsmiləşdirilir. Bu isə formal baxımdan qanuni görünsə də, əmək münasibətlərində işçinin hüquqi müdafiəsini zəiflədə bilər.

İşləyən qadın” və “qorunan qadın” arasında böyük fərq

Könül Alının fikrincə, əsas problem Azərbaycanda qadın məşğulluğunun statistik göstəriciləri ilə sosial təminat göstəriciləri arasında yaranan fərqdir.

Araşdırmada vurğulanır ki, qadınların orta gəlirinin kişilərin gəlirinin 69,1 faizinə bərabər olması yalnız formal məşğulluqda olan qadınların gəlirlərini əks etdirir. Məşğul qadınların böyük hissəsinin real gəlir səviyyəsi isə bu statistikada tam görünmür.

Müsavat Partiyası Gender Komissiyasının sədri qeyd edir ki, qeyri-rəsmi məşğulluğun dəqiq gender bölgüsü – neçə qadının hansı sektorda və hansı formada qeyri-rəsmi çalışması barədə sistemli və illik açıqlanan rəsmi statistikanın olmaması ayrıca problemdir.

“2,5 milyona qarşı 722 min” göstəricisi vəziyyətin miqyasına dair ciddi siqnal olsa da, qeyri-rəsmi məşğulluğun mexanizmlərini tam müəyyənləşdirmək üçün əlavə və məqsədyönlü araşdırmalara ehtiyac var.

Araşdırmada bildirilir ki, qadınların aşağı əməkhaqqı, kredit əlçatanlığındakı məhdudiyyətlər, boşanma zamanı iqtisadi zəiflik və sosial təminatsız əmək kimi problemləri bir-birindən ayrı deyil. Bunlar gender əsaslı iqtisadi bərabərsizliyin bir-biri ilə əlaqəli elementləri kimi qiymətləndirilməlidir.

Mənbələr: Dövlət Statistika Komitəsi, ABB Bankın “Azərbaycanda Əmək Bazarı üzrə Statistik Mənzərə” hesabatı, Milli Məclis deputatı Vüqar Bayramovun çıxışları, Muhasibat.az və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin materialları.

Paylaş:

Əlaqəli məqalələr