Deputatın Zar kəndində tikinti aparan şirkətindən ŞİKAYƏT
Kəlbəcərdə bir müddət "Amazon" şirkətində çalışmış şair, Yazıçılar Birliyinin üzvü Səxavət Kəlbəcərli səbəbsiz yerə işdən çıxarılmasından şikayətçidir.
Sozcu.az xəbər verir ki, bu barədə "Unikal"a Səxavət Kəlbəcərli özü məlumat verib. O bildirib ki, ötən il Kəlbəcər rayonunun Zar kəndində azad edilmiş ərazilərdə tikinti işlərini həyata keçirən "Amazon" şirkətində işə başlayıb:
"Mən özüm də Zar kəndindənəm. Bir müddət orada işləsəm də, sonra məni səbəbsiz yerə işdən çıxartdılar. Qeyd edim ki, "Amazon" şirkəti Milli Məclisin deputatı Anar Məmmədova məxsusdur. O, deputat seçildikdən sonra həmin şirkəti rəsmi sənədlərdə Əbülfət adlı şəxsə ötürüb.
İşdən çıxarıldığım vaxtdan bu günə qədər dəfələrlə müraciət etsəm də, məni işə bərpa etməyiblər. Həmin işdən ayrıldıqdan sonra atamın səhhətində problemlər yarandı. Müalicəsi ilə məşğul olmağımıza baxmayaraq, atam dünyasını dəyişdi. Hazırda müəyyən maliyyə çətinliklərim var. Yenə də məni işə bərpa etmək istəmirlər", - deyə o qeyd edib.


















