Gənclər ailə qurmaq istəmir: İşsizlik, evsizlik, yoxsa məsuliyyətdən qaçış?

86 baxış

Müasir dövrdə gənclərin daha gec evlənməsi, ailə qursalar belə uşaq sahibi olmağı təxirə salması və ya ümumiyyətlə valideynlikdən çəkinməsi dünyada müşahidə olunan sosial tendensiyalardandır. Bu dəyişiklikdə iqtisadi, sosial və psixoloji amillərin mühüm rol oynadığı bildirilir.

Mövzu ilə bağlı psixoloq Rövşən Nəcəfov Modern.az-a açıqlamasında bildirib ki, son illərdə evlilik yaşı artıb və insanlar ailə qurmağı əvvəlki dövrlərlə müqayisədə fərqli qiymətləndirirlər.

“İstər əmək fəaliyyətlərində, istərsə də sosial həyatlarında insanlar evliliyi maneə kimi görürlər. Karyera, şəxsi rahatlıq, sosial həyat və maddi imkanlar evlilikdən daha üstün prioritetə çevrilir. Evlilik isə azadlığın məhdudlaşması kimi qəbul edilir. Evlilik məsuliyyətdir və rasional qərardır. İnsan özünü hazır hiss etmədiyi halda evlənməməlidir. Problem yaşın gecikməsində deyil, münasibətə və məsuliyyətə yanaşmanın dəyişməsindədir”, – deyə psixoloq bildirib.

R.Nəcəfov valideynliyə münasibətin də dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, uşaq sahibi olmaq artıq bir çox insan üçün həyatın təbii mərhələsi deyil, ayrıca planlaşdırılan qərara çevrilib.

“Bəzi insanlar uşağın həyatlarına əlavə məsuliyyət, maddi yük və şəxsi azadlığın məhdudlaşması gətirəcəyini düşünürlər. Bu səbəbdən ya valideynliyi təxirə salırlar, ya da ümumiyyətlə istəmirlər. İnsanlar əvvəlcə öz həyatlarını rahatlaşdırmaq, sonra həmin rahatlığın içində ailə qurmaq istəyirlər. Halbuki ailə və valideynlik yalnız rahat həyatın davamı deyil, məsuliyyət götürmək bacarığıdır”, – deyə psixoloq vurğulayıb.

Psixoloq hesab edir ki, əsas problem yalnız evlilik yaşının artması deyil, insanların məsuliyyət anlayışına münasibətinin dəyişməsidir.

“Çünki yetkinlik yalnız öz həyatını rahat idarə etmək deyil, başqa bir insanın həyatına görə də məsuliyyət daşıya bilməkdir”, – deyə Rövşən Nəcəfov əlavə edib.

Sosioloq Mail Yaqub isə gənclərin gec evlənməsinin əsasən iki səbəbdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, bunlardan biri obyektiv, digəri isə subyektiv amillərlə bağlıdır.

“Birinci obyektiv səbəblərdir – iqtisadi və sosial problemlər, evsizlik, işsizlik. İkinci isə subyektiv səbəbdir. Yəni maşını var, evi var, işi var, amma özü ailə qurmaq istəmir. Ailə məsuliyyətdir və həmin məsuliyyətin altına girmək, öhdəlik götürmək istəmir”, – deyə sosioloq qeyd edib.

M.Yaqubun fikrincə, bu tendensiyanın davam etməsi ölkədə demoqrafik problemlərin dərinləşməsinə səbəb ola bilər. O bildirib ki, son illərdə Azərbaycanda əhalinin artım tempi və doğum göstəriciləri azalıb.

“Bütün bunların nəticəsi pisdir, ölkəyə ziyandır, demoqrafik problemlər yaradır. Azərbaycanda son illərdə artım tempi, uşaq doğumu halları azalıb. Yaxın 20-30 ildə Azərbaycan əhalisi azalmağa başlaya bilər”, – deyə sosioloq bildirib.

Sosioloq problemin qarşısının alınması üçün həm iqtisadi, həm də sosial tədbirlərin gücləndirilməsini vacib hesab edir.

“İş yerləri açılmalı, uşaqlı ailələrə maddi dəstək artırılmalı, iqtisadi-sosial səbəblər aradan qaldırılmalıdır. Gənclərdə ailə qurmaq şövqü yaratmaq üçün təlimlər keçirilməli, televiziya verilişləri hazırlanmalı, ailənin əhəmiyyəti və valideyn olmağın dəyəri cəmiyyətə daha geniş şəkildə çatdırılmalıdır”, – deyə Mail Yaqub vurğulayıb.

Paylaş:

Əlaqəli məqalələr