Azərbaycanda seysmik aktivlik artır? - SON DƏQİQƏ AÇIQLAMALARI

193 baxış

Azərbaycanda ilin əvvəlindən, yəni yanvarın 1-dən iyulun 1-dək olan dövr ərzində seysmik stansiyalar tərəfindən maqnitudası 3-dən yuxarı 59 zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin statistikasına əsasən, bu yeraltı təkanlardan 52-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası 4 və 4-dən yuxarı, ikisinin maqnitudası isə 5 və 5-dən yuxarı olub. Xəzər dənizi ilə yanaşı, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Şəki, Astara, Biləsuvar və Lerik kimi bölgələrdə qeydə alınan bu təkanlarla bərabər, son 6 ayda ölkədə iki sürüşmə hadisəsi də baş verib.

Diqqətçəkən məqam budur ki, bu rəqəmlər yalnız maqnitudası 3-dən yuxarı olan görünən təkanları əhatə edir; əslində isə seysmik stansiyalar hər gün yer səthinə gəlib çata bilməyən 10-20, bəzən daha çox olduqca zəif təkan qeydə alır. Yəni ayağımızın altındakı torpaq əslində daim hərəkətdədir.

Azərbaycanda ilin ilk altı ayında maqnitudası 3-dən yuxarı 59 zəlzələnin qeydə alınması seysmik aktivliyin artdığını göstərirmi, yoxsa bu, normal statistika hesab olunur? Dünyada müşahidə olunan qlobal tektonik proseslər və iqlim dəyişiklikləri regionun seysmik vəziyyətinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a danışıb.

qurban_yetirmishli_110517.jpg (56 KB)

Seysmoloq qeyd edib ki, eyni zonada eyni gücdə zəlzələlər təkrarlanmır:

"İstər-istəməz müəyyən dövrlərdə görürsən ki, seysmik aktivlikdə artım olur, bəzən isə azalma müşahidə edilir. Biz bunu hər il izləyirik, müxtəlif seysmogen bölgələr üzrə təhlillər aparırıq. Yəni elə bir standart rəqəm yoxdur ki, məsələn, ilin ilk yarısında 63 zəlzələ qeydə alınıbsa, ikinci yarısında da mütləq eyni sayda zəlzələ baş verməlidir və ya il ərzində maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı mütləq 120-ni keçməlidir. Burada hiss olunma məsələsi də xüsusi əhəmiyyət daşıyır. Məsələn, maqnitudası 3-dən yuxarı olan bütün zəlzələlər əhali tərəfindən hiss olunmur. Çünki zəlzələnin yer səthində yaratdığı intensivlik, yəni ballıq göstəricisi, böyük ölçüdə onun başvermə dərinliyindən asılıdır. Məsələn, aprelin 9-da Xəzər dənizində maqnitudası 5-dən yuxarı olan zəlzələ baş verdi. Həmin zəlzələnin dərinliyi təxminən 63-64 kilometr idi. Əgər eyni gücdə olan həmin zəlzələ 10-12 kilometr dərinlikdə, yəni daha səthi şəkildə baş versəydi, onda Xəzəryanı ərazilərdə – Lənkəran, Astara, Masallı, Cəlilabad və digər rayonlarda çox daha güclü hiss olunardı. Bu zaman söhbət artıq 3-4 ballıq hiss olunmadan yox, daha yüksək intensivlikdən gedərdi".

Qurban Yetirmişli vurğulayıb ki, məhz buna görə də zəlzələlərin daha dərində baş verməsi müəyyən mənada müsbət amil hesab olunur:

"Belə hallarda təkanlar ya ümumiyyətlə hiss olunmur, ya da zəif hiss olunur və ciddi fəsadlar yaratmır. Bu yaxınlarda Qəbələdə baş verən zəlzələni də misal göstərmək olar. Həmin zəlzələ də ciddi fəsadlar törətmədi. Bunun əsas səbəblərindən biri onun başvermə dərinliyi idi. Dərinlik nisbətən çox olduğuna görə silkələnmənin əhatə dairəsi genişləndi və zəlzələ respublikanın əksər rayonlarında müxtəlif dərəcələrdə hiss olundu.

Bir daha vurğulamaq istəyirəm ki, hər il eyni sayda və eyni gücdə zəlzələlərin baş verməsi kimi bir qanunauyğunluq yoxdur. Burada çoxsaylı amillər rol oynayır. Yer qabığında və litosferdə gedən sıxılma və genişlənmə prosesləri, müxtəlif geodinamik hərəkətlər, kosmogen təsirlər, Günəş aktivliyi, Yer daxilində ağırlıq qüvvəsinin dəyişməsi, cazibə qüvvəsində baş verən dəyişikliklər – bütün bunlar müəyyən dərəcədə təsir göstərən amillərdir. Yer də canlı orqanizm kimi daim hərəkətdədir, öz dinamikasına malikdir. Onun daxilində fasiləsiz geoloji proseslər gedir və biz müşahidə etdiyimiz zəlzələlər də həmin proseslərin nəticəsidir".

Q.Yetirmişlinin sözlərinə görə, son dövrlərdə baş verən güclü zəlzələlərin yaratdığı fəsadların miqyası yalnız maqnitudadan deyil, həm də dərinlikdən asılıdır:

"Məsələn, maqnitudası 7,4 və ya 7,6 olan zəlzələlər çox güclü hesab olunur. Lakin onların dərinliyi çox olsaydı, insan tələfatı və dağıntılar daha az ola bilərdi. Əlbəttə, burada tikililərin keyfiyyəti də mühüm rol oynayır. Normativlərə uyğun inşa edilməyən binalar və tikililər zəlzələlər zamanı ən çox zərər görən obyektlər olur və əsas dağıntılar da məhz belə tikililərdə baş verir. Günəş aktivliyi, planetlərin hərəkəti və digər geofiziki amillərin müəyyən təsiri mövcuddur. Lakin bizim region üçün əsas amil tektonik proseslərdir. Azərbaycanda müşahidə olunan zəlzələlərin böyük hissəsi Yer qabığında baş verən tektonik hərəkətlərlə bağlıdır və əksər hallarda çox böyük dərinliklərdə baş vermir. İstisna olaraq Xəzər dənizi və Aşağı Kür çökəkliyi zonalarını göstərmək olar. Bu ərazilərdə zəlzələlər 40 kilometrdən başlayaraq, bəzən 50, 60, hətta 70 kilometr dərinliklərdə qeydə alınır. Lakin Azərbaycanın şimal, şimal-qərb və şimal-şərq hissələrində, xüsusilə Şamaxı, İsmayıllı və ətraf ərazilərdə baş verən zəlzələlərin böyük əksəriyyəti səthi xarakter daşıyır. Bunlar əsasən 10-15 kilometr, bəzən isə 20 kilometr dərinlikdə baş verən zəlzələlərdir. Tarixi məlumatlar və aparılan elmi tədqiqatlar göstərir ki, Azərbaycanda ən güclü və dağıdıcı zəlzələlər əsasən Böyük Qafqazın cənub yamacı boyunca yerləşən Şamaxı-İsmayıllı zonasında baş verib".

Seysmoloq həmçinin qeyd edib ki, paleoseysmoloji araşdırmalar nəticəsində Ağsu, Göyçay və Salyan ərazilərində də çox güclü zəlzələlərin izləri müəyyən olunub:

"Biz bu istiqamətdə Oksford Universiteti ilə birgə tədqiqatlar aparmışıq. Həmin araşdırmalar göstərib ki, keçmişdə bu ərazilərdə maqnitudası 7,4-7,5 olan çox güclü və dağıdıcı zəlzələlər baş verib. Belə zəlzələlər yalnız Şamaxı və İsmayıllıda deyil, Qəbələdə, Bərdədə və digər bölgələrdə də qeydə alınıb. Tarixi mənbələrdə hətta Bərdə şəhərinin böyük hissəsinin dağıldığı, bəzi hissələrinin torpaq altında qaldığı barədə məlumatlar var. Şamaxı zəlzələləri isə Azərbaycanın seysmik tarixində xüsusi yer tutur. Uzun müddət 1902-ci ildə baş vermiş Şamaxı zəlzələsinin maqnitudasının 6,9 olduğu hesab edilirdi. Lakin son elmi araşdırmalar göstərib ki, həmin zəlzələnin maqnitudası əslində təxminən 7,4 olub. Bu isə onun nə qədər dağıdıcı olduğunu bir daha təsdiqləyir. Həmin zəlzələ nəticəsində minlərlə insan həyatını itirmiş, çoxlu sayda yaşayış və inzibati bina dağılmışdı. Bütün bunlar həm tarixi mənbələrdə, həm də müasir elmi araşdırmalarda öz əksini tapıb".

Paylaş:

Əlaqəli məqalələr