Xəzər Teyyublu: 17 Noyabr milli azadlıq mübarizəmizin dönüş nöqtəsi idi
Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan yol xalqımızın milli oyanış, azadlıq və suverenlik uğrunda apardığı mübarizədən keçib. 1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan kütləvi mitinqlər bu mübarizənin tarixində mühüm dönüş nöqtəsinə çevrilib.
Qarabağda baş verən hadisələrə, erməni separatizminə və sovet hakimiyyətinin siyasətinə etiraz olaraq meydana toplaşan xalq qısa müddətdə öz siyasi iradəsini ortaya qoyub. Sonradan ümumxalq azadlıq hərəkatına çevrilən bu proses Azərbaycanın dövlət müstəqilliyinin bərpasına mühüm təkan verib.
Keçmiş hərəkatçı, Sosial Hüquqların Müdafiəsi Mərkəzi İctimai Birliyinin sədri Xəzər Teyyublu Herbiand.az-a açıqlamasında 1988-ci ilin noyabr hadisələrinin tarixi əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, həmin dövr Sovet İttifaqında yenidənqurma prosesinin getdiyi, Azərbaycanda isə milli oyanışın gücləndiyi mühüm tarixi mərhələ idi.
X.Teyyublu bildirib ki, Qarabağda Topxana meşəsinin ermənilər tərəfindən dağıdılması və erməni separatçılarının Azərbaycana qarşı ərazi iddiaları xalq arasında ciddi narazılıq doğurmuşdu. Bu hadisələr milli özünüdərkin güclənməsinə və insanların öz tarixi torpaqlarının müdafiəsi naminə bir araya gəlməsinə səbəb olmuşdu.
Onun sözlərinə görə, xalq könüllü şəkildə Bakının o zamankı Lenin meydanına – indiki Azadlıq meydanına toplaşaraq sovet hakimiyyətindən Qarabağda baş verən hadisələrə münasibət bildirməyi və erməni separatçılığının qarşısının alınmasını tələb edirdi.
X.Teyyublu qeyd edib ki, ilk baxışda etiraz aksiyaları kimi başlayan proses qısa müddətdə milli azadlıq hərəkatına çevrilməyə başlayıb. 17 noyabr 1988-ci ildə başlayan kütləvi mitinqlər Azərbaycan xalqının milli iradəsinin, azadlıq və müstəqillik istəyinin açıq ifadəsi idi.
Keçmiş hərəkatçı vurğulayıb ki, Bakı böyük sənaye şəhəri olduğundan zavod və fabriklərdə başlayan tətillər, küçə yürüşləri və kütləvi etirazlar hərəkatın miqyasını daha da genişləndirib.
“İnsanlar artıq yalnız Qarabağda baş verən hadisələrə etiraz etmirdilər, eyni zamanda milli kimliklərini, hüquqlarını və öz müqəddəratlarını müstəqil müəyyən etmək iradələrini ortaya qoyurdular. Meydana toplaşan yüz minlərlə insanın birliyi xalqın təşkilatlanma gücünü və milli həmrəyliyini nümayiş etdirirdi”, – deyə X.Teyyublu bildirib.
Onun sözlərinə görə, təxminən 18 gün davam edən meydan hərəkatı həmin il dekabrın 5-də Sovet ordusu tərəfindən zor gücünə dağıdılıb. Lakin bu müdaxilə xalqın azadlıq iradəsini sındıra bilməyib. Əksinə, milli azadlıq düşüncəsi cəmiyyətin müxtəlif təbəqələrində daha da möhkəmlənib, müstəqillik ideyası dönməz ictimai-siyasi prosesə çevrilib.
X.Teyyublu qeyd edib ki, hərəkatın siyasi mübarizə müstəvisinə keçməsi və xalqın müstəqillik tələbinin güclənməsi nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib və dövlət müstəqilliyimiz bərpa olunub.
O, 17 Noyabrın yalnız kütləvi mitinqlərin başlandığı tarix deyil, həm də Azərbaycan xalqının milli oyanışının, azadlıq iradəsinin və müstəqil dövlətçilik arzusunun ümumxalq hərəkatına çevrildiyi tarixi gün olduğunu vurğulayıb.
X.Teyyublunun sözlərinə görə, Azadlıq meydanında başlanan mübarizə xalqımızın müstəqilliyə gedən yolunda mühüm mərhələ olub və bu hadisələr gələcək nəsillərə milli birliyin, həmrəyliyin və azadlıq uğrunda mübarizənin əhəmiyyətini xatırladır.


















