“Xidməti vəsiqəsini çıxarıb məni təhdid etdi” – Bakı sakini DİN-ə müraciət etdi
Bakı sakini, sürücü Əziz Məmiyev yolda qarşılaşdığı hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib.
Əziz Məmiyev Sozcu.az-a bildirib ki, dünən saat 21:00 radələrində Rüstəm Rüstəmov küçəsində, Hissa şadlıq sarayının qarşısından keçən hissədə qara rəngli, MN seriyalı avtomobil yüksək sürətlə və ziqzaqvari hərəkət edib.
Onun sözlərinə görə, həmin avtomobil az qala onun idarə etdiyi avtomobillə toqquşub. Bununla yanaşı, qarşı tərəf siqnal verərək yol tələb edib.
Əziz Məmiyev bildirir ki, o da vəziyyətə etiraz olaraq siqnal verib. Bundan sonra digər avtomobilin sürücüsü onun qarşısını kəsərək avtomobilin şüşəsini endirib və “sən məni borclu çıxarmaq istəyirsən?” deyə müraciət edib.
Sürücünün sözlərinə görə, o, qarşı tərəfə avtomobili necə idarə etdiyini və az qala qəza törətdiyini deyib. Həmin şəxs isə “sən mənə qaydaları başa sala bilməzsən” cavabını verib.
Əziz Məmiyev iddia edir ki, bundan sonra həmin şəxs avtomobilin tavanından qırmızı rəngdə xidməti vəsiqəyə bənzər sənəd çıxararaq ona göstərib və “səninlə necə söhbət edək?” deyə hədələyici ifadə işlədib.
Bakı sakini sürücü həmin şəxsin daha sonra avtomobildən düşərək onun üzərinə gəlməyə çalışdığını bildirir.
“Mənim də yanımda dostum var idi. Biz onunla normal və mədəni şəkildə danışırdıq. Yanında qadın olduğu üçün də hörmət çərçivəsini qorumağa çalışırdıq. Amma o, bunu başa düşmədi”, – deyə Əziz Məmiyev bildirib.
Onun sözlərinə görə, həmin şəxs xidməti vəsiqəsini göstərdikdən sonra yüksək sürətlə avtomobili hərəkətə gətirib, maşınların arasından keçərək yenidən ziqzaqvari şəkildə hərəkət edib və ərazidən uzaqlaşıb.
Əziz Məmiyev hadisənin onda ciddi narahatlıq yaratdığını deyib:
“Əsas mənə pis təsir edən məsələ budur ki, belə adamlar polisdirsə, xidməti kimliyinin arxasında gizlənib insanların üzərinə bu şəkildə hücum edə bilirlər. Yolda mənim qarşımı kəsib xidməti vəsiqəsi ilə təhdid edən adam mənim təhlükəsizliyimi necə qoruya bilər?”
Sürücü hesab edir ki, xidməti vəsiqədən və vəzifə statusundan vətəndaşa qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi yolverilməzdir.
Əziz Məmiyev Daxili İşlər Nazirliyindən hadisənin araşdırılmasını, ərazidəki müşahidə kameralarının görüntülərinə baxılmasını, avtomobilin və sürücünün müəyyənləşdirilməsini, həmin şəxsin polis əməkdaşı olub-olmamasının dəqiqləşdirilməsini və fakt təsdiqlənəcəyi təqdirdə müvafiq tədbirlərin görülməsini xahiş edib.
Qeyd edək ki, hadisə ilə bağlı digər tərəfin mövqeyi məlum deyil. Sözügedən şəxsin polis əməkdaşı olub-olmaması da hələlik təsdiqlənməyib.


















