Xocalıda kəndlinin atlarını icazəsiz sürən üç nəfər cərimələnib
Xocalı rayonunun Daşbulaq kəndində kəndliyə məxsus atları icazəsiz minərək kənddə gəzən üç nəfər inzibati qaydada cərimələnib.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisədə Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər iştirak ediblər.
Məlumata görə, sərxoş vəziyyətdə olan şəxslər örüş sahəsində otlayan atları görüblər. Onlar hərəsi bir ata minərək kənddə gəzməyə başlayıblar. Atların sahibi onları görərək icazəsiz şəkildə heyvanlarını niyə mindiklərini soruşub. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Atların sahibi heyvanlarının oğurlanması ilə bağlı polisə şikayət edib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxslərin sərxoş vəziyyətdə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduqlarını müəyyən ediblər. Onlar saxlanılaraq barələrində müvafiq protokollar tərtib olunub.
Məhkəmədə hər üç şəxs törətdikləri əməldən peşman olduqlarını bildirərək yüngül cəza verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə onların hər biri 150 manat məbləğində inzibati cərimə edilib.


















