Qorxu imperiyasının generalı həbsdən çıxdı
"MTN işi" üzrə məhkum olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev 10 il 6 aylıq həbs müddətini başa vuraraq azadlığa çıxıb. O, MTN generalları arasında məhkəmənin təyin etdiyi cəzanı tam çəkərək azadlığa buraxılan şəxslərdən biri olub.
Sozcu.az xatırladır ki, Elçin Quliyev 2015-ci ilin oktyabrında MTN-də aparılan genişmiqyaslı əməliyyatlardan sonra həbs edilmişdi.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev hədə-qorxu ilə tələb etmə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə, vəzifə səlahiyyətlərini aşma və digər ağır cinayət əməllərində təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə araşdırmaları zamanı zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlar əsasında müəyyən olunub ki, bir sıra sahibkarlar və vətəndaşlar müxtəlif bəhanələrlə MTN-ə aparılıb, onlara qanunsuz təzyiqlər göstərilib, böyük məbləğdə pul və əmlak tələb olunub. İş materiallarında bəzi hallarda biznes obyektlərinin və əmlakların ələ keçirilməsi ilə bağlı faktlar da öz əksini tapıb.
Elçin Quliyevin adı həmçinin MTN-də sahibkarlara qarşı həyata keçirilən qanunsuz əməliyyatlar, səlahiyyətlərdən sui-istifadə və korrupsiya iddiaları ilə bağlı ən çox hallanan yüksək rütbəli şəxslər sırasında olub.
Keçmiş jurnalist və siyasi məhbus Pərviz Həşimli də Elçin Quliyevin azadlığa çıxması ilə bağlı sosial şəbəkə hesabında geniş paylaşım edib.
Pərviz Həşimli yazıb ki, 2013-cü ildə həbs olunduğu gecə ilk dəfə Elçin Quliyevlə MTN-də qarşılaşıb. Onun iddiasına görə, başında qara torba və qollarında qandalla Elçin Quliyevin otağına aparılıb. Jurnalist bildirir ki, həmin otaqda ona müxtəlif vədlər verilib, təzyiqlər göstərilib və irəli sürülən tələblərlə razılaşması istənilib.
Həşimlinin sözlərinə görə, Elçin Quliyev ona "Bu ölkədə həbs edən də, azad edən də bizik" deyərək MTN-in imkanlarını nümayiş etdirməyə çalışıb. Jurnalist qeyd edir ki, saxlanıldığı 8 ay ərzində dəfələrlə Elçin Quliyevin kabinetinə aparılıb və müxtəlif təkliflərlə üzləşib.
Pərviz Həşimli paylaşımında daha sonra iddia edir ki, Elçin Quliyev həbsdə olduğu müddətdə digər bəzi keçmiş MTN generallarından fərqli olaraq xüsusi imtiyazlı şəraitdə yaşaya bilməyib. O, həmçinin yazır ki, Elçin Quliyev məhkəmə proseslərində özünü keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun tamahkar maraqlarının qurbanı kimi təqdim edib.
Sonda jurnalist hazırkı vəzifə sahiblərinə müraciət edərək bildirib ki, kimisə qanunsuz təqib və ya şərləməyi düşünənlər Elçin Quliyevin taleyindən nəticə çıxarmalıdırlar.
Qeyd edək ki, Pərviz Həşimlinin paylaşımında yer alan fikirlər onun şəxsi müşahidələri və iddialarıdır. Bu məsələlərlə bağlı Elçin Quliyevin mövqeyi paylaşımda əks olunmayıb.








