Ukraynaya gedən Panama bayraqlı Türk gəmisi vuruldu

86 baxış

Ukrayna donanması, Türkiyədən Ukraynaya istiqamətlənən Panama bayraqlı Türk quru yük gəmisi Victress-in Rusiya Federasiyasına məxsus pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğunu açıqlayıb.

Gəmidə 9 heyət üzvünün olduğu bildirilib.

Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba heyət üzvlərindən birinin həyatını itirdiyini qeyd edib. Kulebanın Telegram paylaşımına görə, hücum nəticəsində gəmidə yanğın baş verib, 58 yaşlı Misir vətəndaşı olan aşpaz ölüb.

Rusiya tərəfi isə Türkiyə və Hindistan vətəndaşlarının da olduğu 8 dənizçinin xilas edildiyini, gəminin isə “ciddi zərər gördüyünü və dənizə yararlılığını itirdiyini” bildirib.

BBC Türkçe isə hadisə və gəmi heyətinin vəziyyətini müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Kuleba həmçinin Rusiyanın eyni gecə Palau və Beliz bayraqlı digər gəmiləri də hədəf aldığını, lakin bu hücumlarda can itkisi olmadığını bildirib. O, bu hadisəni “Rusiya tərəfindən törədilən növbəti müharibə cinayəti” adlandırıb.

Ukrayna donanması da Telegram açıqlamasında hadisənin Rusiyanın beynəlxalq dəniz hüququnu pozmağa davam etdiyini və mülki dəniz daşımalarına təhdid yaratdığını bir daha göstərdiyini bildirib.

Qeyd edək ki, son olaraq 28 mayda Odessa limanından Türkiyəyə yük daşıyan, Türk sahibkarlığına məxsus Vanuatu bayraqlı bir gəmi də PUA hücumuna məruz qalmışdı. Ankara həmin hadisədə yaralanan 2 heyət üzvünün Türkiyə vətəndaşı olduğunu açıqlamışdı.

Rusiya və Ukrayna arasında Qara dənizdə gəmilərə və limanlara qarşı hücumlar son aylarda mütəmadi olaraq davam edir.