Biz əvvəldən belə idik, yoxsa sonradan belə etdilər?
Elşən Əlisoy
Bir gün dostlarımdan biri halımı soruşdu. Cavabım qısa oldu: “İt günündəyəm”.
Dostum zarafatla soruşdu: “Hansı it? Alman iti, yoxsa Azərbaycan iti?”
Bu sual məni düşündürdü. Alman itinin yaşadığı şəraitlə öz vəziyyətimi müqayisə etməyə başladım. İlahi, Allahın yer üzünün əşrəfi olaraq yaratdığı insanın hüquqları ilə itin hüquqları arasında bu qədər fərq olarmış?!
Məhz həmin düşüncələrin təsiri ilə “Almaniyanın iti” adlı bir yazı yazdım. Məqsədim insanları düşündürmək, cəmiyyətin diqqətini acı bir reallığa yönəltmək idi. Axı hüquqları Almaniyanın, Avropanın və digər inkişaf etmiş ölkələrin itlərinin hüquqlarından aşağı olan bir xalq necə ola bilər ki, bu fərqi dərk etmədən, bunu özünə dərd etmədən insan adı altında rahat yaşaya bilsin?
Müqayisəyə görə bir daha üzr istəyərək qeyd edim ki, həmin yazını bir çox sayt dərc etsə də, hazırda Google-da axtarış verərkən yalnız başlığına rast gəlmək mümkündür. Yazının özü isə dərc olunduğu saytlardan silinib.
Əslində, düşünmək üçün yazdığım həmin yazıya xeyli gülüş işarələri və lağlağı şərhlər yazıldı. Bir daha anladım ki, biz bəzən faciələrimizə belə gülərək münasibət bildirən bir cəmiyyətə çevrilmişik.
Bu günlərdə sosial şəbəkələrdə Laçında komfortlu şərait yaradılmış, hətta pianino qoyulmuş keçi fermasının görüntüləri yayıldı. Elə həmin vaxt Laçına qayıtmış sakinlər üçün tikilən evlərin bir çoxunun keyfiyyətsizliyini, yaşamaq üçün yararsız vəziyyətdə olduğunu göstərən şəkillər də ictimailəşdi. Hətta bəzi sakinlərin Laçından yenidən əvvəl yaşadıqları bölgələrə qayıtması barədə məlumatlar yayıldı.
Bir tərəfdə keçilər üçün yaradılan komfortlu şərait, digər tərəfdə isə öz doğma yurduna qayıtmış insanların yaşamağa çətinlik çəkdiyi evlər...
Bu mənzərənin özü ciddi ictimai müzakirə mövzusu olmalı, cəmiyyətdə narahatlıq yaratmalı idi. Təəssüf ki, faciəvi mənzərəyə yenə də əsasən lağlağı, zarafat və gülüşlə münasibət bildirildi.
İnsan doğulub boya-başa çatdığı, uğrunda canını fəda etdiyi, şəhid verdiyi öz ölkəsində keçidən də aşağı münasibətlə qarşılaşır, amma bu, cəmiyyətin heç tükünü də tərpətmir. Heç kim özünə sual vermir ki, görəsən, mənim yaşadığım ölkədə insan həyatının, insan ləyaqətinin dəyəri nə qədərdir? Heç kim hakimiyyətin və dövlət qurumlarının vətəndaşa münasibətini özünə qarşı təhqir hesab etmir.
Çox az adam bu mənzərənin arxasında dayanan faciəni görür. Əksəriyyət isə yenə də gülüş işarələri ilə münasibət bildirir. Halbuki gülməli görünən bu hadisələrin arxasında insan taleləri, pozulmuş ümidlər, alçaldılmış ləyaqət və illərlə gözlənilən qayıdışın acı reallığı dayanır.8
Ləyaqət insanın özünə verdiyi dəyərdir. Özünə hörmət etməyən, hüquqlarının tapdalanmasına, şəxsiyyətinin və mənliyinin alçaldılmasına gülərək münasibət bildirən bir cəmiyyətin gələcəyi ola bilərmi?
Ən ağrılı məqamlardan biri də budur ki, insan hüquqları Avropa itlərinin hüquqlarından belə aşağı səviyyədə olan bir ölkənin televiziya efirlərində “Avropa dağılır”, “Avropa bizə əxlaqsızlıq gətirdi” kimi fikirlər səsləndirilir. Avropanın dəyərlərini müzakirə edənlər, görəsən, niyə ilk növbədə öz ölkələrində insanın hüququna, azadlığına və ləyaqətinə verilən qiymət barədə danışmırlar?
Məsələ Almaniyanın itinin, yaxud Azərbaycanın insanının müqayisəsi deyil. Məsələ insanın öz ölkəsində insan kimi yaşamaq, hüquqlarını tələb etmək, ləyaqətini qorumaq imkanının olmasıdır. Məsələ cəmiyyətin özünə qarşı edilən haqsızlığa gülmək əvəzinə, ona etiraz edə bilməsidir.
Bəzən düşünürəm: Biz əvvəldən belə idik, yoxsa bizi sonradan belə etdilər?
Bəlkə də ən böyük faciəmiz başımıza gələnlər deyil, başımıza gələnlərə artıq faciə kimi baxmamağımızdır.


















