Azərbaycan turizmi: Bahalı xidmət, tualetsiz marşrutlar

97 baxış

Bu yazını oxumaq qərarı versəniz, 4 dəqiqənizi alacaq.

​Təbiəti paytaxtdan uzaq, xidməti baha, yolu tualetsiz "Azərbaycan turizmi"

​Müasir dünyada turizm ölkələrin əsas gəlir mənbələrindən birinə çevrilsə də, Azərbaycanda bu sektor dərin idarəetmə və infrastruktur böhranından xilas ola bilmir.

​Bizi bu problemin dərinliyinə müharibə və işğal salmışdısa, indi özümüz o bataqlıqda qalmaqdan sanki həzz alırıq. Müharibə və işğal dövrü bele Azərbaycanı turizm ölkəsi kimi bu qədər diqqətdən kenarda qoya bilməmişdi.

​Sektordakı problemlər yalnız müharibə, postmüharibə dövrü və ya quru sərhədlərinin bağlı qalması kimi amillərlə bitmir. Əsas bəla subyektiv səriştəsizlik, qiymət özbaşınalığı, rəqabət mühitinin olmaması, bu sahədə də mopoliyanın hökm sürməsi və elementar infrastruktursuzluqdur.

​Coğrafi reallıq və "Bakı mərkəzçiliyi"

​Azərbaycanın ən füsunkar təbiəti, dağları, meşələri, şəlalələri və bulaqları paytaxt Bakıdan ən yaxşı halda 300–500 km məsafədə yerləşir:

Lənkəran, Lerik, Yardımlı, Astara 300-350 km,

​Qax, Şəki, Zaqatala və Balakən 350–450 km,

​Gədəbəy, Daşkəsən,Tovuz, Qazax 450–500 km,

​Şuşa, Kəlbəcər və Laçın–350–450 km.

​Bu məkanlar, təbii ki, bir günə gedib-qayıdılası marşrutlar deyil.

​Ölkəyə gələn xarici turist yalnız Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna enməyə məcburdur. Daxili turizmdə isə pul xərcləyə biləcək potensiala malik yerli əhalinin əsas hissəsi Bakı–Abşeron–Sumqayıt zonasında yaşayır.

​Regional hava limanlarımızın olmasına baxmayaraq, ucuz daxili aviareyslərin olmaması bu coğrafi uzaqlığı turistlər üçün ikiqat çətinləşdirir. Bu reallıqlar mütləq nəzərə alınmalıdır. Bakıya nisbətən yaxın olan əlverişli turizm rayonlarımız isə bu reallığı fürsətə çevirmək əvəzinə, savadsızlıq və acgözlük edərək daha az qazanırlar.

​Mövsümün ortasında təmir absurdluğu

​Bakıya nisbətən yaxın, birgünlük səfər üçün əlverişli olan Quba, Qusar, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarımızda isə idarəetmə xaosu yaşanır. Xidmət aşağı, qiymətlər isə astronomik dərəcədə yüksəkdir.

​Müasir turist səyahətini planlaşdırmaq üçün Süni İntellektə müraciət edir: "Bakıdan birgünlük məsafədə dincələ, yeyib-içə və maraqlı gün keçirib axşam geri — otelimə və ya evimə qayıda biləcəyim marşrut təklif et." Süni İntellekt də Şamaxıdakı "Sakit Göl" kompleksini və yaxınlıqdakı Alpaka fermasını məsləhət görür.

​Turist ünvana çatanda isə mənzərə tamamilə dəyişir. İyul-avqust aylarında, turizm mövsümünün ən qaynar vaxtında böyük ümidlərlə ünvana çatan turisti qapıda cavan bir oğlan qarşılayır: "İçəri girə bilməzsiniz, təmir gedir."

​Turizm sektoruna məsul olan şəxslərə haqlı sual yaranır: Mövsümün tən ortasında təmir aparmaq hansı turizm məntiqinə sığır? Bu işləri ölü mövsümdə — mart, aprel və ya may aylarında bitirmək olmazdımı?

​Baha qiymət, sıfır xidmət və aldadılan turistlər

​İş mərkəzlərindən uzaqlaşıb yaxın rayonlara üz tutan yerli və xarici turistlər xidmət səviyyəsinin acınacaqlı olmasından, qiymətlərin adekvat olmamasından və açıq-aşkar aldadılmaqdan şikayətlənirlər. Uzaq rayonlarda da turistlərin sayısı o qədər azdır ki, bəzi yerli sahibkarlar əllərinə düşən tək-tük müştəridən maksimum qazanc əldə etməyə çalışırlar.

​Baha qiymətə təqdim olunan keyfiyyətsiz xidmət yerli vətəndaşı da ölkə daxilində istirahətdən soyudur. İnsanlar haqlı olaraq eyni və ya daha az büdcə ilə qonşu ölkələrə — Gürcüstana və Türkiyəyə getməyə üstünlük verirlər.

​YUNESKO irsi, 195 saylı avtobus və "tualet utancı"

​Uzaq rayonlara gedə bilməyən, yaxın rayonlarda isə qiymət və idarəetmə xaosundan bezən turistlər çarəsiz qalıb bu isti yay günlərində Bakıya ən yaxın olan Qobustana, palçıq vulkanlarına üz tuturlar. Lakin burada da qarşılarına başqa bir infrastruktur faciəsi çıxır.

​Dünya miqyaslı təbii və tarixi abidələrimizin yerləşdiyi Qobustana sərnişin daşıyan 195 saylı marşrut avtobuslarının vəziyyəti o dərəcədə acınacaqlıdır ki...

​Qobustanda və turizm üçün əlverişli olan digər qəsəbə və kəndlərimizdə adi ictimai tualetin olmaması belə utanmağımız üçün kifayətdir. XXI əsrdə, texnologiya dövründə ölkəmizə gələn xarici vətəndaşa "20 kilometr sonra yanacaqdoldurma məntəqəsində təbii ehtiyacınızı ödəyə bilərsiniz" cavabını vermək turizm strategiyasının olmadığının ən açıq sübutudur.

​Ne etməli?

​Sektordakı problemlərin həlli üçün təcili olaraq aşağıdakı addımlar atılmalıdır:

​Məcburi sanitariya standartları: Bütün turizm marşrutları üzərində və tarixi məkanların yaxınlığında müasir, təmiz ictimai sanitariya qovşaqları (tualetlər) tikilməli, dövlət və ya bələdiyyələrin nəzarətində saxlanılmalıdır.

​Nəqliyyat islahatı: Qobustan, Şamaxı, Quba kimi istiqamətlərə köhnə xətt avtobusları deyil, xüsusi rahat ekspress turist avtobusları ayrılmalıdır.

​Mövsüm reqlamenti: Turizm obyektlərində və marşrutlarında təmir-bərpa işləri yalnız ölü mövsümdə (noyabr–aprel) aparılmalı və bu, inzibati qaydada tənzimlənməlidir.

​Qiymət və xidmət monitorinqi: Qiymətlərin süni şəkildə qaldırılmasına və turistlərin aldadılmasına qarşı ciddi nəzarət mexanizmi qurulmalı, xidmət heyəti üçün sertifikatlaşdırma sistemi tətbiq edilməlidir.

​Azərbaycanın təbiəti həqiqətən gözəl və zəngindir. Lakin bu təbiəti turist üçün əlçatan, rahat və mədəni şəkildə təqdim edə bilmiriksə, turizmin inkişafından və onun gətirəcəyi gəlirlərdən danışmaq sadəcə özümüzü aldatmaqdır.

Səxavət Soltanlı

Paylaş:

Əlaqəli məqalələr