NÖVBƏ

251 baxış

Onun general olduğunu mənə özü deməmişdi.

Qaçqın düşərgəsində keçmiş görünmürdü. Hamının əlində eyni plastik kart, otağında eyni dəmir çarpayı, qarşısında eyni növbə vardı. Burada professorla fəhlənin, varlı ilə kasıbın, generalla sıravi əsgərin arasındakı məsafə bir neçə vərəq sənədə qədər kiçilmişdi.

Onu ilk dəfə yeməkxanada gördüm.

Əlli yaşını keçmiş olardı. Saçlarına dən düşmüşdü. Hündürboylu, enlikürək kişi idi. Kürəyini həmişə düz saxlayırdı — mundiri əynindən çıxarmaq olar, illərlə onun içində yaşamış bədəni yox.

Yemək götürəndə də həmin ciddiliyi vardı: nimçəni iki əli ilə tutur, ətrafa baxmadan masasına gedirdi.

Həmişə ailəsi ilə birlikdə olurdu. Arvadı, iki qızı. Növbədə də eyni qayda: əvvəl arvadı, sonra qızları, ən axırda özü — üç qadın qabaqda, general arxada, sanki hələ də kimisə mühafizə edirmiş kimi.

Bir neçə gündən sonra onun suriyalı olduğunu öyrəndim.

Sonra pıçıltılar başladı.

— Bilirsən kimdir?

— Kim?

Kişi səsini alçaltdı:

— General olub.

— Hansı orduda?

Üzümə elə baxdı ki, sualım ona artıq göründü.

— Əsədin ordusunda.

O zaman Bəşər Əsəd hələ hakimiyyətdə idi.

General isə ondan qaçmışdı.

Əvvəl bu mənə müharibənin qəribə talelərindən biri kimi göründü — generallar da qaçır, əsgərlər də, nazirlər də. Amma məsələ bununla bitmirdi.

Düşərgədə onu Suriyadan tanıyanlar vardı. Bir vaxtlar küçələrə çıxıb hakimiyyətə qarşı dayananlar. General isə həmin etirazları yatıran quruma xidmət etmişdi. Kimisi onun göstərişi ilə həbs olunduğunu deyirdi.

İndi hamısı eyni damın altında yaşayırdı.

Bir vaxtlar küçənin iki tərəfində dayanan adamlar Almaniyada eyni yeməkxanada növbəyə düzülürdülər. Eyni çörəkdən götürür, eyni çayı içir, eyni idarədən məktub gözləyirdilər.

Tarix bəzən nitq söyləmir.

Sadəcə adamların yerini dəyişir.

* * *

General ailəsini bir an belə gözdən qoymurdu.

Əvvəl bunu ata qayğısı sandım.

Sonra gördüm ki, yeməkxanaya girəndə söhbətlər kəsilir, həyətdə siqaret çəkən kişilər susub ona baxırlar. Bəziləri üzünü çevirirdi.

Çevirməyənlərin baxışı isə daha ağır idi.

Bir dəfə onu həyətdə tək gördüm. Siqaret çəkirdi. O biri başda bir neçə suriyalı kişi söhbət edirdi. General arabir gözucu onlara baxırdı.

Yanına getdim.

— Burada özünü təhlükəsiz hiss edirsən?

Çiynini çəkdi.

— Almaniyadır.

— Ona görə soruşmuram.

Nə demək istədiyimi anladı. Siqaretindən bir qullab aldı.

— Ailəm var.

— Hamımızın ailəsi var.

— Mənim vəziyyətim başqadır.

— Bilirəm.

Susduq.

— Onlardan qorxursan?

Həyətin o başına baxdı. Cavab vermədi.

— Ailən üçün?

Başını yavaşca tərpətdi.

Mən də daha heç nə soruşmadım.

* * *

Bir neçə gün sonra keçmişi onun qarşısına çıxdı.

Növbənin qabağında dayanan arıq, qarabuğdayı kişi geri çevrildi.

Göz-gözə gəldilər.

İkisi də donub qaldı.

Kişini əvvəllər də görmüşdüm. Sonradan onun Suriyada hakimiyyətə qarşı çıxan fəallardan biri olduğunu öyrənmişdim.

İndi aralarında cəmi bir neçə addım vardı.

Kişinin əlindəki nimçə aşağı sallandı.

— General...

Cavab gəlmədi.

Kişi bir addım ona yaxınlaşdı.

— Mən səni xatırlayıram.

Generalın böyük qızı atasına baxdı. Kiçik qızı isə onun qolundan yapışdı.

Kişi qızlara baxdı.

Bir neçə saniyə heç nə demədi.

Sonra yenidən generalın üzünə baxdı.

— Mən də ata idim, — dedi. — Mənim də övladlarım vardı. İndi harada olduqlarını bilmirəm.

General susdu.

Kişi də daha heç nə demədi.

Növbə irəlilədi.

Kimsə boşqabını masaya qoydu. Qaşıq səsi eşidildi. Bir uşaq güldü.

Həyat elə davam etdi, sanki heç nə baş verməmişdi.

Generalın kiçik qızı hələ də atasının qolundan yapışmışdı.

* * *

Bundan sonra general daha ehtiyatlı oldu.

Ailəsi həyətə az çıxırdı. Qızlar çox vaxt otaqda qalırdılar. General dəhlizdən keçəndə ətrafına baxırdı.

Onun yanında arvadı və iki qızı vardı.

Onların heç biri general deyildi.

Bir səhər həyətə maşın gəldi.

Hava tutqun idi.

General ailəsi ilə binadan çıxdı. Əllərində çamadanlar vardı.

Pəncərələrin pərdələri arxasında üzlər görünürdü.

Heç kim aşağı düşüb onları yola salmadı.

Mən həyətə çıxdım.

— Gedirsiniz?

— Hə.

— Hara?

— Başqa yerə aparırlar.

Səbəbini soruşmadım.

Arvadı maşına mindi, sonra qızları. General çamadanları yerləşdirib bir anlıq dayandı.

Binaya baxdı.

Pəncərələrdə hələ də üzlər vardı.

Onların arasında yeməkxanada qarşısına çıxan kişinin olub-olmadığını bilmirdim.

General mənə tərəf döndü.

Əlini uzatdı.

Sıxdım.

Bir neçə saniyə bir-birimizə baxdıq.

Demək istədiyim çox şey vardı. Heç birini demədim.

O da demədi.

Maşına minib qapını örtdü.

Avtomobil yavaş-yavaş darvazaya tərəf getdi.

Mən arxasınca baxırdım.

Bu adam Bəşər Əsədin hakimiyyətindən qaçmışdı. Düşərgədə isə həmin hakimiyyətdən qaçanlarla üzləşmişdi.

Fərq yalnız bunda idi ki, onlardan bəziləri bir zamanlar ondan qaçmışdı.

Maşın gözdən itdi.

Bir azdan yemək vaxtı çatacaqdı. Adamlar yenə sıraya düzüləcəkdilər. Generalın dayandığı yerə başqa biri keçəcəkdi.

Növbə davam edəcəkdi.

Bir zamanlar onları ondan qorumaq lazım idi.

İndi isə onu onlardan.

İnsan ölkəsindən qaça bilər, hakimiyyətdən, ordudan, müharibədən — hətta onu tanıyanlardan da.

Amma keçmişindən qaçanlara dünyada heç bir ölkə sığınacaq vermir.

Əbil Həsən

Paylaş:

Əlaqəli məqalələr