Qələmin sahibi
Könül Alı yazır...
Neft qülləsinin kölgəsində bir şəhər var idi. Adını "İşıqlı Şəhər" qoymuşdular - çünki qaz məşəlləri gecə-gündüz sönmürdü, göy üzü heç vaxt tam qaralmırdı. Bu şəhərdə köhnə bir inam yaşayırdı, hər sözün öz sahibi olmalıdır. Kim nəyisə desə, o sözün arxasında dayanmalıdır. Sahibsiz söz, kimin ağzından çıxdığı bilinməyən söz, havada asılı qalardı, sonda da onu deyəni yandırardı.
-Nərgiz üç il "Şəffaf Sabah" qəzetində işləmişdi. Sonuncu yazısı bir tikinti şirkətinin şəhər kənarındakı meşəni necə viran qoyduğu haqqında idi. Yazı çap olunmadı. Sabahı gün ona zəng gəldi: "ştatlar ixtisar olunur." Heç kim ona "yalan yazma" deməmişdi. Sadəcə onun yeri başqasına verilmişdi, elə bir birinə ki, meşə haqqında heç nə yazmayacaqdı.
-İşsiz qalanda Nərgiz pul tapmaq üçün başqa yol seçdi - özününkü olmayan, amma özününkü qədər doğma bir yol. Beyninin məhsulunu satmağa başladı: müsahibə mətnləri, təhlillər, "ekspert rəyi" adı altında yazılar. İş verənlər müxtəlif idi, hər bir halda insaflı idilər - ən azından iş verirdilər. Onlar mövzunu deyirdi, Nərgiz araşdırırdı, yazırdı, redaktə edirdi, imzanı isə başqası qoyurdu. Onun adı heç yerdə çıxmırdı.
Bir gün bazarın arxasındakı köhnə kitab dükanına getdi. Oxuyub bitirdiyi kitablarını satmağa. Dükan sahibi Tofiq kişi, ona toz basmış bir qutu uzatdı: "Bunu sənə verirəm, sənin əlinə yaraşır."
Qutuda bir qələm var idi. Qap-qara, ağır, sanki sümükdən yonulmuşdu.
-Bu nədir? - soruşdu Nərgiz.
- Haqq qələmi, -dedi qoca. - Kim yazsa, yazdığı doğru olar. Amma diqqətli ol, qələm sənin haqqında düşündüyünü yazmır. Sənin inandığını yazır. Fərq böyükdür. Və bir şərtlə işləyir - imza sənin olmalıdır. Başqasının adına yazsan, qələm susar.
Nərgiz gülümsədi, buna inanmadı, amma qələmi götürdü.
Evə qayıdanda, acığından, kağıza yazdı: "Bu şəhərin bələdiyyə sədri rüşvətxordur.".
Kağız qaraldı. Hərflər özbaşına əriyib başqa sözə çevrildi: "Bu şəhərin icra başçısı rüşvətxordu - mən onun rüşvətxor olduğuna inanıram, amma sübutum yoxdur.".
Nərgiz donub qaldı. Qələm yalan demirdi - amma şişirtməyə də icazə vermirdi. O, yalnız Nərgizin əminliyinin dərəcəsini yazırdı, bir termometr kimi.
Bir həftə sınadı. Hər dəfə eyni şey, qələm onun ürəyindəki tərəddüdü, qorxunu, yarımçıq məlumatı ələ verirdi. Yalan yazmaq mümkün deyildi, amma tam həqiqəti yazmaq da mümkün deyildi, çünki Nərgizin özü tam əmin deyildi heç nəyə. İllər boyu "ehtiyatlı ol", "sübut olmadan yazma", "başın bəlaya düşər" deyə-deyə özünü elə öyrətmişdi ki, indi haqqın özü də onun əlində büzüşüb kiçilirdi.
Bu qələmin lənəti idi, adil olmaq istəyəndə insan çox vaxt öz qorxusunu ədalət sanır.
Bir gecə insanlar şəhərin mərkəzində toplaşdı - meşənin yerində tikiləcək yeni "mərkəz" üçün etiraz edirdilər. Polis maşınları səssiz-səmirsiz yaxınlaşdı, işıqları söndürülmüş halda, sanki görünməmək istəyirdilər.
Nərgiz qələmini götürüb, izdihamın arasında, telefonun işığında yazmağa başladı. Bu dəfə düşünmədi, sadəcə gördüyünü yazdı.
Qələm bu dəfə heç nəyi dəyişmədi. Çünki gördüyü şey haqda Nərgizin şübhəsi yox idi - o, oradaydı, öz gözüylə görürdü.
Sabahı bu qeydlər əlyazma şəklində əldən-ələ gəzdi, sonra telefon şəkilləriylə birgə internetdə yayıldı. İmzasız. Sahibsiz söz kimi görünsə də, bu dəfə havada asılı qalmadı - çünki minlərlə adam onu öz gözüylə görməyin şahidi olmuşdu, Nərgizin sözü təkcə onların gördüyünü təsdiqləyirdi.
Ancaq Tofiq kişi bir də görünmədi. Dükan bağlı idi, pəncərəni toz tutmuşdu. Bəziləri deyirdi ki, heç belə adam olmayıb, kitab dükanı da heç vaxt mövcud olmayıb o küçədə.
Amma qələm Nərgizin əlində idi, ağır, buz kimi soyuq.
O indi yaxşı bilir, qələm nə haqqı yazanın, nə də nahaqqı yazanın əlində sehrli alət deyil. Sadəcə güzgüdür - sahibinin nə qədər əmin, nə qədər qorxaq, nə qədər görməyə hazır olduğunu göstərir. Həmçinin adillik qələmdə deyil, gözü açıq saxlamaqdadır - meydanda dayanıb, danişanları da, susan adamları da görməyi bacarmaqdadır.
İşsiz jurnalist üçün çıxış yolu bir qəzetdə iş tapmaq deyildi. Çıxış yolu - sahibsiz sözün belə, kifayət qədər adam tərəfindən görülərsə, öz sahibini tapa biləcəyini anlamaq idi.
Nərgizin bu gün də qəzeti yoxdur. Ancaq qələmi var. Buz kimi soyuq, alov kimi yandıran. Hər nə yazırsa yazsın, yazdığı söz sahibini tapır.
















