“Səfillər”dən “1984”ə gedən yol
Elşən Əlisoy – Sozcu.az saytının rəhbəri
Nəhəng yazıçı Viktor Hüqonun qələmə aldığı “Səfillər” romanı mənim həyata baxışımı formalaşdıran məktəblərdən biridir.
“Səfillər”i hər dəfə oxuduqda düşünürəm: görəsən, bizim ruhanilərin içində yepiskop Miriel Benvenü kimi mərhəmətli və ədalətli biri varmı?
Mənim üçün “Səfillər” romanının əsas qəhrəmanı bacısının övladının acından ölməməsi üçün oğurluq edib həbs olunan, sarı rəngli pasporta – hər kəsin qaçdığı qatı cinayətkar sənədinə sahib olan Jan Valjan yox, məhz Jan Valjana yeni həyat verən, əslində isə onun içində illərdir dustaq qalan insanlıq ruhunu azad edən Miriel Benvenüdür.
Ədalətsiz cəmiyyətlərin, zalım rejimlərin əsəri olan Jan Valjanlar həddindən artıq çoxdur. Tanrının mərhəmət sifəti olan Miriel Benvenünün mərhəməti isə insanlığın və ədalətin rəmzinə çevrilir.
Əlimdə belə bir səlahiyyət olsaydı, “Səfillər”ə müqəddəs kitab dərəcəsi verər, hətta müqəddəs məbədlərdə müqəddəs kitablarla eyni yerə qoyardım.
Ümumiyyətlə, kitab oxuyan cəmiyyətlərdə ədalətsizliyin uzun müddət hökm sürəcəyinə inanmıram. İnsanları kitabdan uzaqlaşdıran hakimiyyətlər mərhəmətin düşmənləri, insanlığa qənim kəsilənlərdir.
Mənim düşüncəmə görə, harada kitab oxuyanların sayı azdırsa, deməli, orada diktatura rejiminin hökm sürməsi üçün münbit zəmin var.
Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı “Səfillər”dən ibrət götürməyən cəmiyyətlərin mütləq yaşayacaqları zülmətdir.
“Patriarx” – Miriel Benvenülərin yerini yalnız ölülərə dəfn mərasimi üçün lazım olan din xadimlərinin tutduğu cəmiyyətlərin əsəridir. Patriarx – polis müfəttişi Javerləri tanımayan, ədalətə kor olan polislərin qoruduğu bütdür.
Patriarx haqdan qaçanların haqlı taleyidir...
Çox vaxt Mirzə Ələkbər Sabiri bütün dövrlərin şairi adlandırırlar. Bəli, Sabir böyük şairdir. Ancaq biz hələ də Sabirin dövründə ilişib qaldığımız üçün Sabir bizə bütün dövrlərin şairi kimi görünür.
Hələ də dəyişmədiyimiz üçün Sabirin yazdıqlarını sanki bu gün üçün yazıbmış kimi anlayırıq.
“Patriarxın payızı” romanı dünya üçün böyük əsər, bizlər üçün isə yaşadığımız həyatdır.
“Patriarxın payızı” mənim üçün o qədər doğmadır ki, kitabda göstərilən küçələri, adları çəkilən adamları, xaricilərə satılan limanları çox gözəl tanıdığımı hiss edirəm.
Mən həmin ölkənin vətəndaşıyam...
“Patriarxın payızı” “Səfillər”dən uzaq düşənlərin cəhənnəmidir.
Oxuyub qorxduğum – daha doğrusu, oxuyub gələcəyimizdən narahat olduğum əsərlərdən biri də Corc Oruellin “1984” romanıdır.
“1984” “Patriarxın payızı” cəhənnəminin dizayn edilmiş və sistemləşdirilmiş cəhənnəm formasıdır.
“1984” ruhsuz insanların yaşadığı məkan, Uinston Smit kimi insanların hisslərinin əsir edildiyi zindandır. Artıq bundan sonra düzələn heç nə yoxdur. Ümidlərin öldüyü yerdir “1984”.
“1984” mənə o qədər doğmadır ki, Uinston Smiti tanıyıram, Mister Çarrinqtonlarla eyni cəmiyyətdə yaşadığımı hiss edirəm, Parsons kimilərin alovlu nitqlərini eşidib, sonrakı taleyini görənlərdənəm.
101-ci otaq mənə o qədər tanış gəlir ki, sanki hər gün bu otaq haqqında nəsə eşidirəm.
“Səfillər” həyat məktəbidir.
“Patriarxın payızı” və “1984” isə “Səfillər”dən qaçanların yaşayacaqları qismət – layiq olduqları ədalətdir.
Xilasımız oxumaq və oxuduqlarımızdan nəticə çıxarmaqdır!


















