Papaq

100 baxış

Xalqımızın folklorunda papağa aid bir neçə məsəl və atalar sözü var. Məsələn: “Papağını götür, get burdan”, “Papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş”, “Papaq altında oğlanlar yatır” və sair. Bütün bunlar onu göstərir ki, papaq bizim üçün yalnız baş geyimi deyil, fövqəladə əhəmiyyət daşıyan bir şeydir. Keçmiş zamanlarda papağı istiyə-soyuğa görə qoymazdılar. O, kişiliyin, namusun, qeyrətin və hörmətin rəmzi idi. Kişilər papaqsız evdən çölə çıxmazdılar. “Başıpapaqlı” ifadəsi də məhz buradan yaranmışdı.

Zaman bir çox şeyləri olduğu kimi, papağa olan münasibəti də dəyişdi — papaq öz əhəmiyyətini itirməyə başladı. Köhnə şəkillərə baxanda görürük ki, kişilərin başında Buxara papaqları, qadınların başları örtülü, paltarlarının ətəkləri isə o qədər uzundur ki, sanki yerlə sürünür. İllər bir-birini əvəz etdikcə kişilərin Buxara papaqları da dəyişir. Onların yerini panamalar, şlyapalar tutur. Kişilərimizin papaqlarının forması dəyişdikcə qadınlarımız da sakit oturmur, başlarındakı örtükləri açırlar. Baş örtükləri açıldıqca donlarının ətəkləri də qısalmağa başlayır.

Müasir dövrümüzdə papaq qoymaq adəti də müasirləşib. İndi papağı sırf havaya, yəni istiyə-soyuğa görə qoyurlar. Məsələn, əgər günəş istisindən qorunmağa ehtiyac varsa, dimdiyi uzun papaqlara müraciət edilir. “Bəy”lərin papaqlarının dimdikləri uzandıqca dilləri qısalmağa başladı — elə “xanım”ların paltarlarının ətəkləri qısaldığı kimi. Nəticədə qadınların Dubay və Türkiyəyə “müalicə” adıyla səfərlərinin sayı artdı.

İndi artıq kişilər soyuq olanda başlarına papaq qoyurlar. Hava istiləşəndə isə papaqlar cibə girir.

İndi cibin dövrüdür.

Namus da, qeyrət də, şərəf də ciblə ölçülür. Neynirsən, elə, təki papağın cibində olsun.

Elə bizim qonşumuz Ağagül kimi.

Onun papağı həmişə cibində olur. Hava soyuyan kimi papağını cibindən çıxarıb başına qoyur. Hava isinən kimi yenə cibinə dürtür.

Arvadı Roza isə Dubaya qısa ətəkli qadınlardan ibarət “turist səfərləri” təşkil edir. Oradan da əliboş qayıtmır — müxtəlif qadınları gətirib gözdən uzaq kafelərə “importnı mal” adıyla sırıyır. Kimin nəyinə lazımdır ki, bu “mal” haradandır, kim gətirib?

Bundan kimə nə?

Əsas odur ki, Ağagülün camaat arasında hörməti var.

Əvvəllər Ağagülə məhəllədə heç kim salam verməzdi. Amma indi hamı ona salam vermək üçün sıraya düzülür. Dünən Ağagülü görməməzliyə vuranlar bu gün uzaqdan onu görən kimi əl qaldırırlar.

İndi Ağagülün özü seçir kimə salam vermək lazımdır, kimə yox.

Axı zaman dəyişib.

İndi hörmət də cibə baxır.

Ağagülün pulu da ki cibində.

Tamam yadımdan çıxmışdı...

Papağı da həmçinin.

Əbil Həsənov

Paylaş:

Əlaqəli məqalələr