Tək günahı xalqını sevmək olan lider!

126 baxış

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” (Nisa, 4/59)

Məni ən çox düşündürən məsələlərdən biri dahi şəxsiyyətlərimizi zamanında başa düşməməyimizdir. Demək olar ki, millətimizin içindən çıxan böyük şəxsiyyətləri zamanında dərk edə bilməsək də, müəyyən dövrdən sonra onların aşiqlərinə çevrilirik. Bu da bəzən çox gec olur.

Zamanında dəyərini bilmədiyimiz şəxsiyyətlərdən biri də Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy olub. Onu da qeyd edim ki, xalqına azadlıq qazandıran bir insana sağlığında dəyər verməyən xalq bəlkə də elə biz olmuşuq. Bütün varlığı ilə xalqına bağlı olan bu böyük şəxsiyyəti anlaya bilmədiyimizin acısını indi də çəkirik.

Qurani-Kərimdə Uca Allah buyurur: “Ey iman edənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” (Nisa, 4/59). Uca Rəbbimiz bu əmri verəndə hər rəhbəri yox, Əbülfəz Elçibəy kimi xalqının bir qəpiyinə də haram gözlə baxmayan, “Siz xalqın vasitəsilə haqqa qovuşacaqsınız” deyən liderləri nəzərdə tutur. Və həm də Uca Rəbbimiz xilaskar missiyasını həvalə etdiyi bu insanlara qarşı edilən haqsızlıqların da mütləq cəzasını verir. Necə ki, Qurani-Kərimdə Uca Allah deyir: “Bir qövm öz yolunu azarsa, biz onun içindən ən pisini ona rəhbər təyin edərik.” Bəyə qarşı çıxanların, Bəyə oyun quranların heç birinin aqibətinin yaxşı olmadığı göz qabağında oldu.

Bəzilərinin dəbdəbəli həyatı bəzi insanları aldada bilər. Ancaq Milli Hakimiyyətimizə qarşı baş verən qiyamın iştirakçılarının əksəriyyətinin həbsxanaya qara saçla girib, ağ saçla çıxdıqlarını görmək bizə nəsib oldu. Hətta xalqın gözü qarşısında yerlə-yeksan olanlar da az olmadı...

Əbülfəz Elçibəy haqqında yazmaq çox asandır. Yaxşı nə söz varsa, onu Bəyə aid edib qələmə almaq olar. Vətən mövzusu yazılsa, bu elə Əbülfəz bəy deməkdir. Millətə sevgi Əbülfəz bəyin özüdür. Davaya sədaqət Bəyin adıdır. Bütöv Azərbaycan Əbülfəz bəyin simasıdır. Demokratik cəmiyyət isə Əbülfəz bəyi anlamaqdır. Yaxşı nə varsa, Bəydə cəmlənib.

Məhəmməd Əmin Rəsulzadədən sonra Əbülfəz Elçibəy “Azərbaycan” sözünü özündə cəmləyən liderdir. Bəyin düşməni olmaq Azərbaycanın varlığını istəməmək deməkdir. Əbülfəz bəyə düşmən kəsilən azərbaycanlı mütləq ki, düşmən bir dövlətin maşasıdır.

Əbülfəz Elçibəy Azərbaycan deməkdir, Azərbaycan isə Əbülfəz Elçibəy!

Əbülfəz Elçibəy Azərbaycanda məscidlərdə azan oxunmasına vəsilə olan liderdir! Mən deyərdim ki, Əbülfəz Elçibəy dinsiz rus imperiyası ilə savaşaraq dinimizin azadlığa qovuşmasına nail olan bir dindardır. Əbülfəz Elçibəy hər zaman xeyir işlərə çağıran bir şəxsiyyət olub. Necə ki, Qurani-Kərimdə Uca Allah bu insanlar haqqında belə buyurur: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.” (“Ali-İmran”, 104)

Əbülfəz Elçibəy böyük türk milliyyətçisi olmaqla yanaşı, böyük demokrat, ən böyük hüquq müdafiəçisi və Azərbaycanda yaşayan azsaylı xalqların da haqqına dəyər verən lider idi. Necə ki, Bəy deyirdi: “Söz ver ki, demokratiyanı pozaraq milliyyətçi olmayacaqsan!” – Əbülfəz Elçibəy insanları şovinizmdən çəkindirən və hüquqlar ətrafında birləşməyə çağıran nəhəng bir insan idi.

"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər; cahillər onlara xoş olmayan söz dedikdə, (onları incitməmək üçün) ‘salam’ deyərlər." (Furqan, 63)

Əbülfəz Elçibəy hətta onu sevməyən həmvətənlərinə də sevgi ilə yanaşan, onu tənqid edənlərə heç vaxt kəskin reaksiya verməyən bir iman adamı olub. Həyatda çox az insan ola bilər ki, hakimiyyətdən devrilsin, sürgün həyatı yaşasın və sürgündən qayıtdıqdan sonra onun devrilməsində “əməyi” olanları belə bir yerə toplayaraq hərəkatı yenidən bərpa etsin və yarım qalmış davası uğrunda mübarizəyə davam etsin.

Əbülfəz Elçibəy dünyapərəst bir insan olmayıb. Əbülfəz bəy mənim üçün xalqın haqqını Tanrı haqqı bilən bir irfan adamıdır.

İmam Əli (ə.s) buyurur: “İnsanlardan bir qisim var ki, onlar dünyapərəst deyil. Dünyada yaşasalar da, onun çirkabına bulaşmırlar. Agah və bəsirətlə iş görürlər. Çirkin işlərdən uzaq durmaqda birincidirlər. O qədər çalışırlar ki, sanki axirətdədirlər. Dünya əhlinə baxar, cisimlərin ölümünü müşahidə edərlər. Amma qəlbin ölümünü daha ağır sayarlar.”

Belə bir söz var: “Bir insanın imanını yoxlamaq istəyirsənsə, ona vəzifə ver.”

Əbülfəz Elçibəy nəfsi cihadda qalib çıxan böyük iman adamı olub. Allah sənə rəhmət eləsin, Bəy!

Allah sənin şəfaətini mənə nəsib etsin.

Mən fəxr edirəm ki, bu xalqın bir manatına da, bir qəpiyinə də əlim dəyməyib və bundan sonra da dəyməyəcək!

Elşən Əlisoy

Paylaş:

Əlaqəli məqalələr