Yasəmən kölgəsi - hekayə
Aslan o gecə tüstünü içinə çəkmirdi — tüstü onu çəkirdi. Qəlyanın başındakı köz, sanki taleyin kiçik, amma israrlı bir günəşi idi; yanırdı, amma işıq vermirdi. Radioda “inkişaf” sözünü o qədər təkrarlayırdılar ki, bu söz öz kökündən utanmağa başlamışdı və Aslan şüşəni endirib tüpürdü.
Maşının içində qəribə bir döyüş gedirdi: tütünün acı qoxusu və haradan gəldiyi bilinməyən, havadan asılı qalan mübhəm bir yasəmən ətri. Aslan hər ikisini tanıyırdı, amma heç birinə aid deyildi. O, yalnız arasındakı boşluq idi.
Arxa oturacaqda qız yox idi - bir ehtimal oturmuşdu. Qara çantasını qucaqlayan bu ehtimal bəzən titrəyir, bəzən isə dərindən nəfəs alırdı. Qız pıçıldadı:
— Əmi, Qara şəhərə sür...
Qara şəhər... Bu şəhərin adı rəng deyildi, diaqnoz idi. Aslan güzgüyə baxdı, amma həqiqət heç vaxt güzgüdə görünmür. O, yalnız öz əksini görmək istəyənlərin oyuncağıdır.
Qız danışırdı. Sözləri sanki dilindən yox, qorxusunun içindən çıxırdı. “Qorxuram...” dedi. Bu söz o qədər təmiz idi ki, Aslan onu çirkləndirməmək üçün özünü eşitməzliyə vurdu. Sonra o, ən ağır kəlməni dedi - “hamiləyəm.” Aslan udqundu. Tütünün acılığını dilində yox, vicdanında hiss etdi.
İldırım çaxdı. Bir anlıq hər şey işıqlandı — şəhər, maşın, qızın sıxılmış barmaqları, hətta Aslanın unutduğu bir xatirə. Amma işıq həmişə qısa olur. Qaranlıq isə səbirlidir.
Qızın səsi qırıldı. “Atam bilsə...” dedi və susdu. Bəzən cümlələr tamamlanmır, çünki sonluqları insanın içində yazılır.
Aslan bu hekayəni tanıyırdı. Bu şəhərdə hekayələr fərqli başlamır, sadəcə fərqli bitirmiş kimi görünür. Kimsə toya tələsir, kimsə boşanmağa, kimsə isə heç vaxt qayıtmayacağı bir ölkəyə.
Maşın yataqxananın qarşısında dayandı. Bina qocalmışdı - divarları tökülmüş, pəncərələri kor, yaddaşı isə həddindən artıq canlı. Sanki hər mərtəbədə bir günah yaşayırdı.
- Çatdıq, - dedi Aslan.
Qız pul uzatdı:
- Bəs edər...?
Aslan gülümsədi:
- Hər şey keçər, qızım...
Bu cümlə yalandan da yalan idi. Amma insanlar həqiqəti deməkdən daha çox yalanı paylaşmağı sevirlər - çünki yalan paylaşılanda yüngülləşir.
Qız düşdü. Qapı bağlandı. O qaçdı - qaranlığa yox, özündən uzağa. Çantası qapıya ilişdi, telefonu düşdü. Bu, kiçik bir təsadüf idi. Amma həyat bəzən ən böyük faciələri ən kiçik təsadüflərlə qurur.
Aslan tək qaldı. Təkliyin səsi yoxdur, amma o, hər şeydən daha gur səslənir. Sonra telefonu gördü.
Telefon onu gözləyirdi. Ekran işıq saçırdı, sanki qaranlığın içində kiçik bir etiraf yanırdı. Aslan maşından düşüb telefonu götürdü. Ekranı çatlamışdı.
Səs yazısı. 00:40. Qırx saniyə - bir ömür üçün kifayət qədər uzun, bağışlanmaq üçün kifayət qədər qısa.
O, dinlədi.
Səs əvvəl uzaq idi, sonra yaxınlaşdı. Qız danışırdı. “Məni axtarmayın...” dedi. İnsan bunu deyəndə əslində “məni tapın” demək istəyir.
Sonra o söz gəldi:
“Ata...”
Bu söz Aslanın içində illərdir donmuş bir çayı hərəkətə gətirdi. O çay indi daşırdı.
Qız danışırdı. Qayıtmaq istədiyini deyirdi. Diz çökmək istədiyini. Amma bacarmadığını. İnsan bəzən bağışlanmaq üçün çox gec qalır, amma günah üçün heç vaxt gec deyil.
“Bir taksi sürücüsü gördüm...” dedi.
Aslanın nəfəsi kəsildi.
“...sənə oxşayırdı...”
O an zaman qırıldı. Sanki keçmiş və indiki zaman bir-birinə toxundu və aralarındakı məsafə yox oldu:
— Yasəmən!!!
Ad dilindən çıxdı və gecəyə qarışdı. Bu, bir çağırış deyildi. Bu, gecikmiş bir etiraf idi.
O qaçdı. Ayaqları torpağa toxunmurdu, çünki o artıq torpaqdan ayrılmışdı.
Yuxarı baxdı. Yeddinci mərtəbə. Orada bir kölgə vardı. Kiçik, incə, qırılmağa hazır.
— Qızım!!! Mənəm!!!
Bu “mənəm” sözündə bütün ömrün yoxluğu vardı. Sanki o, ilk dəfə idi ki, var olurdu.
Kölgə tərpəndi. Bir addım. Sonra boşluq. Səs çıxmadı. Çünki bəzi həqiqətlər səssiz ölür.
Aslan yaxınlaşdı. Dizləri titrəyirdi. Qızın üzünə baxdı. Tanımadı. Bu, bir möcüzə idi. Ya da bir lənət.
O, dərindən nəfəs aldı.
— Şükür...
Bu “şükür” sözündə insanlığın ən qaranlıq ironiyası vardı.
Sonra Aslanın əlində tutduğu qızın telefonu titrədi. Mesaj gəldi. Telefonun ekranına diqqətlə baxdı. Ad yazılmayıb. Nömrə Aslana tanış gəldi. Qəfil duruxdu. Sonra dik atıldı:
- Bu ki oğlumdur!
Sözlər qısa idi, amma içində bir dünya daşıyırdı:
“...o uşağı tələf elə...”
Aslan diz çökdü.
O an başa düşdü: insan bəzən bir yox, iki həyatın qatili olur - doğulmamışın və artıq gec qalmışın.
Yağış davam edirdi. Qızın qanı asfaltın üstündə axırdı. Qırmızı rəng yağışla qarışıb solğunlaşmaqda idi. Həyat həmişə belə edir - əvvəl parlaq, sonra yavaş-yavaş yox olur.
Və o gecə, Qara şəhərin işıqlarından boylanan, bir kölgə yox oldu. Əslində heç vaxt Qara şəhərdə yasəmən ağacı çiçəklənmir...
Əbil Həsən












