Ruhunuz şad olsun, dövlət quran babalarımız...

107 baxış

Elşən Əlisoy.

Bir yaz günü Kəlbəcərə gedirdim. Tərtərdən Ağdərəyə keçəndə yolun kənarında, bir az aralıda yeni tikilən bir evin həyətində yaşlı bir kişinin böyük həvəslə ağac əkdiyini gördüm. Maşını saxlayıb bir müddət onu izlədim. Əlləri torpağa bulaşmışdı, amma üzündə qəribə bir rahatlıq, daxili bir hüzur vardı.

Yaxınlaşıb dedim:

– İçin avand olsun, əmi.

O, gülümsəyərək cavab verdi:

– Çox sağ ol, bala. Keç bəri, gedək evə, qonağım ol.

Təşəkkür edib soruşdum:

– Allah sizə uzun ömür versin. Bu ağacları elə bir həvəslə əkirsiniz ki, inşallah, bəhrəsini də görərsiniz.

Ağsaqqal əlini torpaqdan çəkib mənə baxdı. Gözlərində dərin bir hikmət vardı.

Sakit səslə dedi:

– Bala, bu yurdu özüm üçün yox, övladım üçün qururam. Bu ağacları da onun və onun övladları üçün əkirəm. Bax, o çinarları yurdun kənarına əkirəm ki, məndən sonra neçə-neçə nəsil onların kölgəsində oturub ruhuma bir "Allah rəhmət eləsin" desin.

Bu sözlər məni sarsıtdı. Həmin an anladım ki, bəzən ən böyük fəlsəfəni kitablar yox, torpağa bağlı insanlar danışır. Bir neçə cümləyə sığan bu fikir, əslində, bütöv bir ömrün və dövlət anlayışının xülasəsi idi.

Dövlət də elə o çinar kimidir.

Onu əkənlərin ömrü çox vaxt onun kölgəsində dincəlməyə çatmır. Bəhrəsini isə gələcək nəsillər görür. Kimisi bunu anlayır, kimisi isə ağac hələ böyüməmiş onu baltalamağa çalışır.

Dövlətin əsl dəyərini bilən insanlar yaxşı anlayırlar ki, onun qurulması bir nəslin işi, bir hökumətin layihəsi deyil. Dövlət onilliklər, əsrlər, bəzən minilliklər üçün qurulur. Onu quranlar çox vaxt öz rahatlıqlarını, nüfuzlarını, ailələrini, hətta canlarını belə bu amal uğrunda qurban verirlər.

Onlar bilirlər ki, yaşadıqları dövrdə qiymətləri verilməyəcək. Bəzən təhqir olunacaq, bəzən daşlanacaq, bəzən də xəyanətdə ittiham ediləcəklər. Amma yenə də geri çəkilməyəcəklər. Çünki onlar üçün şəxsi taledən üstün olan bir anlayış var – dövlət.

Məhz buna görə də sinələrini daşların qabağına verirlər. Əbülfəz Elçibəy kimi...

Bu gün onları anlayanlar da var, hələ də anlamayanlar da.

Amma inanıram ki, zaman hər şeyi öz yerinə qoyacaq. Bir gün bu xalq o çinarların kölgəsində oturub belə deyəcək:

"Ruhunuz şad olsun. Biz sizi gec anladıq, dövlət quran babalarımız..."

Unutmayaq ki, yol kənarında əkilmiş çinarların quruduğunu görüb onların dibinə bir vedrə su tökməyən hər kəs də o ağacların qurumasında müəyyən pay sahibidir.

Dövlət də elə belədir. Onu yalnız quranlar deyil, qorumayanlar da itirirlər.

Ruhunuz şad olsun, dövlət quran babalarımız...

Paylaş:

Əlaqəli məqalələr