Elşən Əlisoy: "Sərdar Cəlaloğluna hücum edənlərin əksəriyyəti terrorçu və separatçı simvollar altında çıxış edir"
Müsavat Partiyası Məclisinin üzvü, Sozcu.az saytının təsisçisi Elşən Əlisoy Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun kürd xalqının tarixi ilə bağlı səsləndirdiyi fikirlərə qarşı başlayan kütləvi kampaniyaya münasibət bildirib.
Sozcu.az xəbər verir ki, E.Əlisoy məsələnin təhdid həddinə çatmasına və prosesin arxasındakı gizli məqamlara diqqət çəkib.
"Heç bir milləti aşağılamaq olmaz."
"Heç bir millətin aşağılanmasının yolverilməz olduğunu vurğulayan Elşən Əlisoy bildirib ki, tənqid sivil və ziyalı müstəvidə aparılmalıdır:"
Bu təhdidlərin Sərdar Cəlaloğlunun hansı çıxışına görə edildiyini tam bilmirəm, çünki həmin verilişə baxmamışam. Amma hesab edirəm ki, Sərdar Cəlaloğlu kifayət qədər savadlı insandır. Əgər uyğun olmayan hansısa ifadə işlədibsə belə, buna savadlı və arqumentli şəkildə, ziyalı insanlar tərəfindən münasibət bildirilməsi daha doğru olar. Həm də bunu təkcə kürd əsilli vətəndaşlar deyil, ümumiyyətlə, Vətənini sevən hər kəs etməlidir".
Kampaniyanın arxasında terrorçu və separatçı simvollar var
E.Əlisoy sosial şəbəkələrdə başladılan kampaniyanın bəzi qüvvələr tərəfindən idarə olunduğunu və bunun xoş niyyət daşımadığını qeyd edib:
"Təəssüf ki, Sərdar Cəlaloğluna qarşı hücuma keçənlərin əksəriyyəti terrorçu Abdulla Öcalanın və separatçı simvolların şəkilləri altında çıxış edirlər. Bu, yaxşı hal deyil və bu kampaniyanın hansısa mərkəzdən məqsədli şəkildə təşkil edildiyi açıq-aydın görünür. Sanki kiçik bir ifadədən istifadə edərək kürdləri təşkilatlandırmağa çalışırlar".
"Şəhid ocaqlarından separatçı çıxmaz"
Azərbaycandakı çoxəsrlik milli birliyə toxunan partiya rəsmisi vurğulayıb ki, ölkədə yaşayan bütün xalqlar eyni taleyi paylaşıb və eyni düşmənə qarşı vuruşub:"Azərbaycan xalqı kürdü, talışı, ləzgisi və digər xalqları ilə birlikdə erməni separatizmindən əziyyət çəkmiş bir xalqdır. Bu ölkədə milliyyətindən və dinindən asılı olmayaraq hər ocaq Vətən uğrunda övladını, doğmasını qurban verib. Təşkilatçılar bilməlidirlər ki, şəhid ocaqlarından separatçı çıxmaz. Kürddən də erməni düzəltmək mümkün deyil. Özünüzü yormayın, suyumuzu da bulandırmayın".
Xüsusi xidmət orqanlarına çağırış
Müsavat rəsmisi daxili sabitliyi pozmağa yönələn çağırışların qarşısının dərhal alınmalı olduğunu bildirib:
"Yanlış nə olubsa, ölkənin ziyalıları bu məsələyə öz münasibətlərini bildirəcək və cəmiyyət də nəticəsini çıxaracaq. Heç kim tarixi saxtalaşdırmağa çalışmasın. Müxalifət ovuna çıxan xüsusi xidmət orqanları isə bu separatçı çağırışların qarşısını vaxtında almalıdır".
Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlunun media platformalarından birinə verdiyi müsahibədə kürd xalqının tarixi və milli kimliyi ilə bağlı səsləndirdiyi iddialar ictimaiyyətdə kəskin narazılığa səbəb olub.













