ÖZÜN
"Şah damarından axan bəylik qanı deyil, Gülnaz, torpağın altındakı köhnə köklərin pıçıltısıdır. Mənə qoşulsan, sənə tac yox, ulduzların hər gecə necə yer dəyişdiyini göstərəcəm," - deyə Zəfər pıçıldadı. Səsi gecənin qaranlığında titrəyən tütək nəfəsi kimi sirli idi.
- Mən sənə saray vəd edə bilmərəm, Gülnaz.
Zəfər bunu deyəndə gecə çox sakit idi. Uzaqda it hürürdü. Çayın qırağındakı qamışlar küləyin altında pıçıldaşırdı.
- Mənim sənə verəcəyim nə torpaq var, nə də mal-dövlət. Mən yalnız öz yolumu göstərə bilərəm.
Gülnaz ona baxdı. Bu sözlər ona qəribə gəldi. Çünki ömrü boyu hamı ona nəsə vəd etmişdi. Atası ona təhlükəsizlik vəd etmişdi. Elçilər ona zənginlik vəd etmişdilər. Şahbaz bəy ona hörmət vəd etmişdi. Kamran ona şeirlər yazacağını söyləmişdi. Amma ilk dəfə idi ki, kimsə ona heç nə vəd etmirdi. Bəlkə də elə buna görə Zəfərin sözləri ürəyinə toxundu.
- Bəs mən sənin yanında nə olacağam? - deyə soruşdu.
Zəfər gülümsədi.
- Özün.
Bu cavab Gülnazı qorxutdu. Çünki o vaxta qədər heç vaxt özü olmamışdı. O, həmişə Rüstəm bəyin qızı olmuşdu.
Bu pıçıltı sehrli mahalın zaman çarxını tam tərsinə fırlatdı. Bu hekayənin girişində bu gizli əhd, bir insan taleyinin altını üstünə çevirən sujet labirintinin ilk cığırı idi.
Məhz o gecə, hər şeyi görən amma heç nəyə qarışmayan gecə gözətçisi Pirverdi gümüş fənərini yerə salıb sındıranda, mahalın zaman qanunu pozuldu. Fənərin qırıntıları ətrafa səpələnərkən, kəndin mərkəzindəki böyük xeyriyyə mülkündə əyləşən Rüstəm bəyin ürəyinə qəfil bir ağrı saplandı. Bəyin hörməti o qədər sonsuz, ruhu təbiətlə o qədər iç-içə idi ki, onun çəkdiyi ah kəndin kor bağbanı Səlim əminin bağındakı qızılgüllərin rəngini bir andaca solğunlaşdırdı. Səlim əmi güllərin rəng dəyişməsindən anladı ki, mahalın ən böyük sevgisi və ən böyük imtahanı eyni anda doğulub. Həmin vaxt, dilsiz dəmirçi Polad, zindanına vurduğu çəkici havada dondurdu; çünki dəmirdən çıxan səs artıq Gülnazın adını yox, onun üçün gələcək bir ayrılığın nidasını pıçıldayırdı.
Gülnazın qapısında növbəyə duran iddialı bəylər - təkəbbürlü Şahbaz bəy və şair ruhlu Kamranın gətirdikləri qızıl-zinət işləməli aynalarda öz əkslərini itirdilər; çünki Gülnaz getmişdi və onun gedişi ilə mahalın bütün gözəlliyi alt-üst olmuşdu.
Sujet xətti iki fərqli reallığın kəsişməsində daha da qəlizləşirdi: bir tərəfdə qədim sinfi aristokratiyanın çökməkdə olan divarları, digər tərəfdə isə pulun və mülkiyyətin mənasını itirdiyi, hər şeyin bərabərlik üzərində qurulduğu utopik qaraçı obası. Lakin bu utopiyanın da öz daxili qanunauyğunluqları, öz ağır metafizik bədəlləri vardı.
Mən yazdım, siz oxuyursunuz. Bu gözəl Gülnazın hekayəsidir...
Aylar keçdi. Bir sabah tezdən, zamanın həm keçmişini, həm gələcəyini ovcunun içi kimi görən müdrik falçı Saragül Gülnazın çadırına daxil oldu. Onun arxasında Zəfərin qardaşları - Baro ilə Mano, həmçinin əllərində köhnə ruzi torbaları tutmuş, gözlərində kainatın günahsızlığı parıldayan uşaqlar, canıyanan balaca Zita və dəcəl Rada dayanmışdı. Saragülün səsi qum dənəcikləri kimi quru, həm də bir peyğəmbər kəlamı qədər qətiyyətli idi: - "Nə durmusan, bəy qızı? Bizim dünyamızda çörək qazanılmır, ruzi paylanılır. Dur gedək, insanların qəlbindəki səxavəti oyadaq, dilənək."
Bu sözlər Gülnazın beynində metaforik bir ildırıma çevrildi. Onun şüurunda bəylik mülkünün ehtişamı ilə obanın mənəvi çılpaqlığı toqquşdu. Oxşar təzadlarla dolu bu daxili parçalanma ilə, o, çarəsiz qalıb utana-utana obanın qadınlarına qoşuldu. Küçələrə çıxanda bədii bir paradoks baş verirdi: yer onun ayaqlarının altından qaçır, torpaq sanki keçmişinin ağırlığını qəbul etmək istəmirdi.
Gülnaz gedəndən sonra Rüstəm bəy əvvəlki adam olmadı. Adamlar elə bilirdilər ki, onu ən çox sarsıdan qızının bir qaraçıya qoşulmasıdır. Amma əsl həqiqət başqa idi. Rüstəm bəyi yıxan şey qızının onu deyil, başqa bir həyatı seçməsi olmuşdu. İllərlə qurduğu mülk yerində idi. Bağlar yenə bar gətirirdi. Nökərlər əvvəlki kimi qarşısında baş əyirdilər. Amma bütün bunlar ona boş görünürdü. Bəzən axşamlar Gülnazın otağına girərdi. Toz basmış aynanın qarşısında dayanıb uzun-uzadı susardı. Otaqda heç kim olmazdı, amma yenə də asta səslə danışardı:
- Üşümürsən ki, ay qızım?
Hekayəni qələmə alan şəxs Gülnazın gözlərinin içinə baxıb dedi:
- Gülnaz, mən üşüdüm.
Gülnaz gülümsəyib hekayənin ardını danışdı:
- İllər keçdikcə mahal əhli Rüstəm bəyin qocaldığını gördü. Saçları ağardı, beli əyildi. Amma ən çox gözləri dəyişdi. O gözlərdə əvvəlki bəy qüruru yox idi. Sanki insanlara hökm edən adam yox, kimisə gözləyən bir ata yaşayırdı. Deyirlər, ömrünün son illərində o, hər gün kənd yoluna çıxıb uzaqlara baxarmış. Nə Gülnazı qınayarmış, nə də onu bağışladığını söyləyərmiş. Sadəcə gözləyərmiş. Çünki bəzi ayrılıqların nə hökmü olur, nə də bağışlanması. Onlar insanın içində ömrünün sonuna qədər açıq qalan bir qapı kimi yaşayırlar.
Sujetin pik nöqtəsi, keçmişlə gələcəyin bazar meydanındakı köhnə çeşmə başında qarşılaşdığı an oldu. Gülnaz əlini bəşərin bəxşişinə açarkən, qarşısında uşaqlıq rəfiqəsi, varlı tacir qızı Sitarəni, onun təəccüblə titrəyən qulluqçusu Nisəni və toyuna hazırlaşdığı magik bir sükut içində olan nişanlısı Fərhadı gördü. Sitarə gözlərinə inanmayaraq pıçıldadı: - "Sən... Rüstəm bəyin gözbəbəyi, o bənzərsiz Gülnaz deyilsən?! Bu nə haldır?"
Həmin an Gülnazın ruhunda köhnə dünyanın bütün şərti utanc qaydaları eyni anda partladı. Elə bir xəcalət çəkdi ki, yanaqları alışıb yandı və bədənindən süzülən buz kimi soyuq tər damcıları möcüzəvi şəkildə ayaqlarının altında parıldayan bir su gölməçəsi yaratdı. Bu, onun bəy qızı olduğu günlərdən qalan son "abır suyu" – yəni sinfi qürurunun təmizlənmə ayini idi.
Su torpağa hopduqca, hekayənin sujet xəttindəki bütün düyünlər mənəvi bir aydınlanma ilə çözüldü. Bu su fərdiyyətçiliyin və təkəbbürün sonu, utopik bərabərliyin başlanğıcı idi. Gülnaz anladı ki, bu dünyada heç kim kimsədən üstün deyil və dilənmək əslində insanların daxilindəki mərhəməti üzə çıxarmaq üçün edilən ali bir xidmətdir. Bu mənim fikrim deyil, Gülnaz belə düşünmüşdü. O, utancaqlığın daşını birdəfəlik atdı.
Həmin gündən sonra Gülnaz gizlənmədi; əksinə, o, artıq bu yeni, mistik reallığın və mənəvi azadlığın rəhbərinə çevrilmişdi. Hər səhər günəş doğmamış, duman hələ mahalın üzərindən çəkilməmiş o, hamıdan tez oyanır, gursədası ilə obanı lərzəyə gətirib yatan qaraçıları - Zəfəri, Saragülü, Baronu, Manonu və bütün uşaqları vəcdlə oyadırdı: - "Durun! Nə yatmısınız? Tez olun, gedək dünyaya bərabərliyi və sevgini dilənməklə öyrədək! Durun, tez olun, gedək dilənək!"
Zəncirin son halqası qapandı, sözlər və talelər bir-birinə kilidləndi. Gülnazın üzünün o köhnə, sinifli abırı tökülmüşdü və o, saxta utancdan azad olaraq tamamilə saf, kamil və utopik bir ruhun zirvəsinə ucalmışdı. Onun abırsızlığı, əslində, dünyanın ən ali azadlığı idi.
Bu da mənim fikrim deyil, bunu mənə Gülnaz özü belə demişdi. Mənim özümü isə bu sual maraqlandırır - Gülnaz özü ola bildimi?
Əbil Həsənov














