Bozqurdun müjdəsi
Savalan dağının hər zaman dumanlı olan qarlı zirvəsi nura boyanmışdı. Dağın uca və sıldırım qayalarından birinin üzərində vüqarlı, iri sinəsini qabağa vermiş bir Bozqurd üzünü Arazın bu tayına tutaraq ulayırdı. Sanki müjdə verirdi. O, repressiyalar içində boğulan Azərbaycan xalqına Tanrı tərəfindən bir xilaskar göndərildiyini xəbər verirdi.
Qoca Bozqurd illərdir bu günü gözləyirdi. O, Mustafa Kamal Atatürkün taleyindən xəbərdar idi və bilirdi ki, türklərin mərhəmətli Tanrısı Türk millətini Atatürkdən sonra kimsəsiz qoymayacaq. Mütləq millətə sahib çıxacaq birini göndərəcək.
İnsanlar da çoxdan idi ki, Savalanın zirvəsindən Bozqurdun ulartısını eşitmirdilər. Hamı sevinc içində idi. Tanrıdan müjdə gəlmişdi.
Bozqurd üzünü Təbrizə tutaraq ara vermədən ulayırdı. Elə bil deyirdi ki, qolları qandallı, ikiyə bölünmüş Azərbaycanın xilaskarı gəlib, vurulmuş zəncirlər qırılacaq.
Arazın bu tayında, Kələki adlı qədim türk yurdunda, ömrü iztirablar içində keçmiş Mehrinisə ana yeni doğulmuş körpəsinin sevincini yaşayırdı. Körpəyə Kərbəla düzündə azadlıq və haqq uğrunda şəhid olmuş Əbülfəzl Abbasın adı verildi.
Bu da Tanrının müjdələrindən biri idi. Çünki Tanrı bu körpənin qismətinə azadlıq aşiqi olmağı yazmışdı.
Qoca Bozqurd üzünü göylərə tutaraq dua edirdi. O bilirdi ki, Tanrının göndərdiyi Əbülfəzə çox daşlar atılacaq. Necə ki, bir zamanlar son peyğəmbərə daş atılmışdı. Bozqurd həmin daşları atan, qula çevrilmiş cahillərin hidayət olunması üçün dua edirdi.
O bilirdi ki, Əbülfəz Elçibəyə daş atanlar bir gün peşman olacaqlar. Həmin daşları atan əllər öz əməllərinə görə Tanrıdan bağışlanma diləyəcəklər. Bax onda bu millət özünə qayıdacaq, öz kimliyini və Əbülfəz bəyin missiyasını daha yaxşı anlayacaq.
Əbülfəz Elçibəy demişdi:
“Mən xalqdan razıyam. Heç vaxt ondan narazı olmamışam və ola da bilmərəm. Həmişə deyirəm ki, insan Xaliqə yaxınlaşmaq istəyirsə, xalqın içindən keçib getməlidir. Xaliqə ən yaxın yol xalqı sevməkdən keçir.”
Bu sözləri o, ona atılan daşları bir yerə yığaraq deyirdi. Çünki həmin daşlar vətən daşları idi.
Əbülfəz bəyin həyat fəlsəfəsi də aydın idi:
“Sevgim millətimə, vurğunluğum azadlığa və ədalətə, itaətim müəllimlərimə, borcum dostlarıma və məsləkdaşlarıma, nifrətim isə yalançılara və simasızlara!”
Qoca Bozqurd bilirdi ki, Əbülfəz bəy xalqın yaddaşının, milli kimliyinin və özünə qayıdışının simvollarından birinə çevriləcək. O bilirdi ki, xalq bir gün öz Elçisini tanıyacaq.
Həm də bilirdi ki, Əbülfəz Elçibəy Tanrıya qovuşduqdan sonra da onun adı bütövlüyün, azadlığın və özünə qayıdışın rəmzi olaraq yaşayacaq.
Allah sənə rəhmət eləsin, Bəy!
Sənin getdiyin yol boş deyil. O yolun milyonlarla yolçusu var. İnşallah, bir gün sənin arzularının gerçəkləşdiyini görəcəyik.
Müəllif: Elşən Məmmədov
Sozcu.az








