“Rəhbərin qayıdışı” – Əliheydər kişi yenidən kolxozun başında
Elşən Əlisoy
Əliheydər kişi 40 il idi ki, “Azadlıq” kolxozunun sədri idi. Bu illər ərzində “dahi sədr”, “kolxozun xilaskarı” kimi adlar qazanan, sinəsi orden-medallarla dolu olan Əliheydər kişinin çətin günləri başlamışdı.
Kolxozun əsasən gənclərdən ibarət bir dəstəsi – Əliheydər kişinin “avara” adlandırdığı gənclər – onun istefasını tələb edir, kolxoza yeni sədr seçməyə çalışırdılar.
Bu “avara”lar o qədər harınlamışdılar ki, Əliheydər kişi kimi kolxozun heyvanlarının da dillərini onların özlərindən yaxşı bilən bir dahini tayfabazlıqda ittiham edirdilər. İddia edirdilər ki, guya Əliheydər kişi öz nəslindən olanların hamısını kolxozun yeyinti olan strukturlarına yerləşdirərək kolxozu dağıdır. Hələ bir az da qabağa gedərək kolxozun doldurduğu pambıq planının saxta olduğunu deməkdən çəkinmirdilər.
Qonşu kolxozlarda da köhnə sədrlərə qarşı oxşar kampaniya həyata keçirildiyi üçün Əliheydər kişi susur, zamanın onun xeyrinə dəyişəcəyinə inanırdı.
“Dahi sədr” kolxozçuların da dillərini yaxşı bilirdi. O, bilirdi ki, onun hökmlü əmrlərinə öyrəşən, təzə “Qaz-21”in motorunun səsini eşidəndə gizlənməyə kol dibi axtaran kolxozçular bu gənclərin mülayim idarəçiliyini həzm etməyəcəklər.
Əliheydər kişi bunları bildiyi üçün təklikdə “avara” adlandırdığı bu islahatçıların üzərinə getmir, hətta yeri düşəndə onları müdafiə də edirdi.
Kolxozda inqilab olmuş, rəhbərlik dəyişmiş və kolxozun başına yeni simalar gəlmişdi. Qısa müddətdə kolxozun başqa kolxozlara olan borcları ödənmiş, yeni texnikalar alınaraq kolxozun ixtiyarına verilmişdi. Xeyli abadlıq işləri həyata keçirilmiş, zəhmətkeşlərin gündəlik həyatında ciddi dəyişikliklər başlamışdı. Kolxozçuların maaşları da az da olsa artmışdı.
Ancaq yeni sədr ilk çıxışında onlara “xanımlar və bəylər” deyə müraciət edəndə bir az duruxmuşdular.
“Axı bəy, xanım hara, onlar hara?” – deyə düşünənlər də olmuşdu.
Əliheydər kişinin zamanında səhərin alaqaranlığında başlarını aşağı salıb kolxozun əkin sahələrinə gedən bu adamlar indi hər səhər kolxozun binası qarşısına toplaşaraq kolxozda baş verən hadisələri təhlil edir, yeni sədrin nöqsanlarını müzakirə edirdilər.
Bəzən də dahi rəhbəri xatırlayaraq:
“ Kişinin yaman zəhmi vardı...” – deyə ötən günlərinin həsrətini çəkirdilər.
Sinəsi orden-medallarla dolu olan “dahi rəhbər”in yerində kənddə “Yetim Cəmil” kimi tanınan Cəmil kişinin oğlu Elçinin oturması bir çoxuna xoş gəlmirdi.
Elçin savadlı və təhsilli biri olsa da, kolxozun bəzi köhnə kişiləri kolxoza “dəmir yumruq” lazım olduğunu deyirdilər. Yoxsa, onların fikrincə, kolxoz onsuz da gec-tez parçalanacaqdı.
Bunlardan hətta daha irəli gedərək “xilaskar rəhbər”ə gizli məktub yazıb onu kolxoza dəvət edənlər də olmuşdu.
Dahi rəhbər də təbii ki, bunu zəng edərək yeni sədrə çatdırmış və nə vaxt lazım olsa, onun köməyindən bəhrələnə biləcəyini bildirmişdi.
Bir neçə aydan sonra kolxozda gərginliyin işartıları görünməyə başladı. Kolxozçuların bir çoxu yeni idarəçiliyi qəbul etmir, dünənə kimi kasıb adam kimi tanıdıqları insanların rəhbər vəzifədə olmasını həzm edə bilmirdilər.
Rəhbərlə gizli yazışmalar edən kənd ağsaqqalları isə kolxoza bu böhrandan yalnız “dahi rəhbər”in dəmir yumruqlarının xilas edə biləcəyini deyərək onun geri dönməsini israrla tələb edirdilər.
Kolxozun dəliqanlıları da lazım olsa rəhbər üçün ölümə gedə biləcəklərini bəyan edir, yeni rəhbərə dalbadal ultimatumlar verirdilər.
Kolxozçuların iradəsinə qarşı çıxmayan yeni rəhbərlik isə:
“Bir kolxozçunun belə burnu qanamamalıdır” – deyərək kolxozun yenidən “xilaskar” rəhbərə ötürülməsinin qarşısını almadı.
Və budur...
Vəzifədən gedəndən qəddi əyilmiş, çöhrəsinə qırışlar düşmüş “xilaskar”ın təptəzə “Qaz-21”i kolxozun binasına tərəf yaxınlaşır.
Kolxozçuların bədənində artıq unutmağa başladıqları qorxunun sızıltıları dolaşmağa başlayır.
Yenə də köhnə hisslər baş qaldırır.
Hər şey gözəldir...
Hər şey keçmişdəki kimidir...
Bircə bu çatmırdı: artıq “bəy” və “xanım” deyə müraciətlər edilmir.
Yenə əvvəlki kimi səhərin alatoranlığında yuxudan dururlar.
Ancaq işləməyə yer tapmırlar.
Çünki dahi rəhbər “kolxozun xilası” naminə torpaqları qonşu kolxoza satmış, bununla da kolxozda “sabitlik” əldə etmişdi.


















