Başörtüsü mübahisəsi və siyasi institutların sınağı
Elşən Əlisoy
Ölkədə siyasi institutlar elə bir duruma salınıb ki, onlar ideyalarını həyata keçirmək uğrunda deyil, həyatda qalmaq uğrunda mübarizə aparırlar.
Təhsil müəssisələrində vahid geyimlə bağlı qərar verildikdən sonra başıörtülü müəllimələrin və şagirdlərin məktəblərə buraxılmaması cəmiyyətdə ciddi müzakirələrə və etirazlara səbəb oldu.
Məsələ konstitusion mübahisə doğurduğu üçün Konstitusiya Məhkəməsi bu qərarın Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı hüquqi mövqeyini açıqlamalı idi. Lakin görünür, ölkənin birinci şəxsi tərəfindən məsələyə dair konkret mövqe ortaya qoyulmadığından, Konstitusiya Məhkəməsi də münasibət bildirmək üçün özündə cəsarət tapmadı.
Bəs ən maraqlısı nədir, bilirsiniz?
Bu qədər ciddi məsələ yaşandı, ölkə az qala bir-birinə dəydi, amma ölkədə bircə ictimai-siyasi təşkilat da tapılmadı ki, hüquqşünasların və ziyalıların iştirakı ilə dəyirmi masa təşkil etsin, məsələni hüquqi və elmi müstəvidə ictimai müzakirəyə çıxarsın.
Belə müzakirələr təşkil edilmədiyindən, hər kəs məsələni öz dünyagörüşünə uyğun qiymətləndirdi. Nəticədə, hüquqi əsaslara söykənən sağlam müzakirələrin əvəzinə, yanlış qənaətlərə, qarşılıqlı ittihamlara və incikliklərə yol açıldı.
Təhsildə başörtüsünə qoyulan məhdudiyyətlər yüzlərlə şagirdin və pedaqoqun təhsildən və tədris prosesindən uzaqlaşmasına səbəb olsa da, məsələ indiyədək cəmiyyətə aydın, əsaslandırılmış və peşəkar hüquqi izahla təqdim edilməyib.
Vəziyyət isə getdikcə pisləşir. Siyasi institutlar öz funksiyalarını itirir, hüquq arxa plana keçir, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və həlli hüquqi mexanizmlərdən daha çox kütləvi reaksiyaların təsirinə düşür.
Beləliklə, cəmiyyətdə siyasi institutların öndə getməli olduğu yerdə kütləvi emosiyalar önə keçir. Halbuki siyasi institutların əsas vəzifəsi cəmiyyətdə yaranan problemləri hüquqi, siyasi və intellektual müstəvidə müzakirə etmək, fərqli mövqelər arasında dialoq yaratmaq və mümkün həll yollarını ortaya qoymaqdır.
Siyasi institutlar bu funksiyanı yerinə yetirmədikdə yaranan boşluğu emosiyalar, şayiələr və qarşıdurmalar doldurur. Hüququn yerini subyektiv yanaşmalar, əsaslandırılmış mövqelərin yerini isə ani reaksiyalar tutur.
Bunun hansı nəticələrə gətirib çıxara biləcəyini isə uzaqgörən insanlar yaxşı anlayırlar.


















