Şərab ixracı iki dəfə azalıb: Nazirliyin Monako səfəri nəyi dəyişəcək?
Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilib. Lakin hər dəfə yeni proqram qəbul edildikcə şərab istehsalı və ixracı artmaq əvəzinə azalıb.
Bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.
İqtisadçı qeyd edib ki, Kənd Təsərrüfatı naziri və komandası Azərbaycan şərabçılığını tanıtmaq məqsədilə Monakoya səfər edib. Onun fikrincə, belə səfərlərin Azərbaycan şərabçılığına ciddi təsir göstərəcəyi inandırıcı deyil.
“Monako gəzmək üçün gözəl yerdir, buna şübhəm yoxdur. Amma şərab istehsalçıları əvvəlcə, məsələn, heç olmasa Bolqarıstan bazarına çıxsınlar ki, Monakonu hədəf ala bilsinlər. Nazir və komandası Monakonu gəzmək istəyirsə, bu, başqa məsələdir. Amma bunun şərabçılığa ciddi təsir edəcəyini düşünmürəm”, – deyə o bildirib.
Natiq Cəfərli Azərbaycanın şərab ixracı ilə bağlı rəqəmləri də açıqlayıb:
2021-ci ildə Azərbaycan cəmi 4 milyon dollarlıq şərab ixrac edib. Bu, 2019-cu illə müqayisədə 47 faiz azdır.
2022-ci ildə 300 min dekalitr şərab ixrac olunub. Bu, ən yüksək göstəricilərdən biridir.
2025-ci ildə isə ixrac 155 min dekalitrə düşüb. Beləliklə, 2022-ci illə müqayisədə ixrac iki dəfə azalıb.
İqtisadçı bildirib ki, Azərbaycanın şərab ixracının 85-90 faizi Rusiyanın payına düşür.
O, Avropa bazarlarına ixrac göstəricilərinin də olduqca aşağı olduğunu vurğulayıb. Belə ki, 2024-cü ildə Azərbaycandan Böyük Britaniyaya 54 min dollar, Polşaya 48 min dollar, Almaniyaya 30 min dollar, Baltikyanı ölkələrə isə ümumilikdə cəmi 35 min dollarlıq şərab ixrac edilib.
Natiq Cəfərli hesab edir ki, Azərbaycan şərablarının Avropa bazarında möhkəmlənməsi üçün ilk növbədə onların tanıdılması və ölkə brendinin formalaşdırılması vacibdir.
“Şərab istehsalı və ixracı hekayə quruculuğundan başlayır. Əvvəl sən hekayə yaradıb-satmalısan, sonra şərabın özünü. Bundan başqa, Azərbaycan şərabları arasında yüksək keyfiyyətli şərablar var, amma çox bahadır. Bu bazar dünyada çox rəqabətli bazardır. Fransa, İtaliya, Çili, ABŞ, Cənubi Afrika və digər ölkələrin istehsal etdiyi şərabları Avropada 3-5 avroya almaq olar. Yəni 6-10 manata yaxşı şərab satılır. Buna görə də hekayəsi, tanıtımı olmayan Azərbaycan şərabını Avropada 10 avroya sata bilməzsiniz. Bu, mümkün deyil”, – deyə iqtisadçı vurğulayıb.
O, belə səfərlərin effektiv olmadığını düşünür:
“Belə səfərlər effektiv deyil, ola da bilməz. Hə, gəzmək üçün əladır. Bəlkə də sonda məmurlarımız ‘çox gəzən – çox bilər’ prinsipi ilə nəsə öyrənəcəklər...”


















