Natiq Cəfərli: Qara kürü istehsalçısı ziyan edirsə, iqtisadi sistem araşdırılmalıdır
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda nərə balığı və qara kürü istehsalı ilə məşğul olan "CMS Properties" MMC-nin maliyyə nəticələrini şərh edib.
Sozcu.az xəbər verir ki, ekspertin sözlərinə görə, şirkət 2025-ci ili 2,9 milyon manat xalis zərərlə başa vurub. Eyni zamanda, şirkətin gəlirləri son üç ildə ardıcıl azalıb. Belə ki, 2023-cü ildə 19,07 milyon manat olan gəlirlər 2024-cü ildə 5,26 milyon manata, 2025-ci ildə isə 1,69 milyon manata düşüb.
Natiq Cəfərli bildirib ki, qlobal bazarda yüksək gəlirliliyi ilə tanınan qara kürü istehsalı sahəsində fəaliyyət göstərən bir şirkətin zərərlə işləməsi ciddi araşdırma mövzusu olmalıdır.
Onun fikrincə, bu cür maliyyə nəticələri ilə bağlı İqtisadiyyat Nazirliyi səbəbləri araşdırmalı və yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görməlidir ki, növbəti illərdə vəziyyət dəyişsin.
İqtisadçı hesab edir ki, şirkətin zərərlə işləməsinə səbəb olan amillər ölkə iqtisadiyyatının zəifləməsinə təsir göstərən problemlərlə üst-üstə düşə bilər. O, yüksək vergilər, həddindən artıq tənzimləmə, nəzarət mexanizmləri, cərimələr və korrupsiya kimi amilləri mümkün səbəblər sırasında göstərərək qeyd edib ki, əgər bunlar doğru deyilsə, aidiyyəti qurumlar rəsmi izahat verməlidirlər.
Natiq Cəfərli əlavə edib ki, "əgər bir ölkədə qara kürü satışı ilə məşğul olan şirkət də zərərlə işləyirsə, bu, həmin ölkənin iqtisadi sisteminin vəziyyəti ilə bağlı ciddi suallar yaradır".








