Natiq Cəfərli: "Dollara tələbatın kəskin azalması yaxşı göstərici deyil"
2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu göstərici 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.
Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial media hesabında paylaşım edib.
İqtisadçı bildirib ki, dollara tələbatın azalması iqtisadi fəallığın zəifləməsinin göstəricisidir.
"Dollara tələbat düşüb, çünki iqtisadi aktivlik azalıb, ÜDM artımı 0 faiz civarındadır. Dollara tələbin kəskin azalması yaxşı gedişat deyil. İdxal düşüb, çünki insanların alıcılıq qabiliyyəti zəifləyib, qiymətlər yüksək olaraq qalır, real gəlirlərin artım tempi isə aşağıdır", – deyə o qeyd edib.
Natiq Cəfərlinin sözlərinə görə, hökumət problemin əsas səbəbini düzgün müəyyənləşdirmir və diqqəti iqtisadiyyatın canlandırılmasına deyil, büdcə gəlirlərinin artırılmasına yönəldir.
"Hələ də əsas problemi büdcə gəlirlərinin azalmasında görürlər, biznesin və vətəndaşın üzərinə əlavə maliyyə yükü qoymaqla bu məsələni həll etməyə çalışırlar. Bu isə əks nəticə verir, iqtisadi aktivliyi daha da zəiflədir və büdcə daxilolmalarını artırmır. Əsas hədəf iqtisadiyyatı canlandırmaq olmalıdır. Bütün qərarlar bu istiqamətdə qəbul edilməlidir. O zaman büdcə gəlirləri də artacaq. İndiki yol isə iqtisadiyyatı boğur", – deyə iqtisadçı vurğulayıb.














