Natiq Cəfərli: “Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığı iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir”
İqtisadçı Natiq Cəfərli Azərbaycanın pomidor ixracının coğrafiyasının genişlənməsi ilə bağlı açıqlamaları şərh edib.
Sozcu.az xəbər verir ki, Natiq Cəfərli bununla bağlı sosial şəbəkə hesabında yazıb.
İqtisadçı qeyd edib ki, Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığı hələ də yüksək olaraq qalır:
“Xəbər oxudum: ‘Azərbaycanın pomidor ixracı coğrafiyası genişlənir’. Sevinmək istədim ki, nəhayət hökumət ölkəmizin aqrar sahədə Rusiyadan asılılığını azaltmağa başlayıb. Amma xəbərin içi, rəqəmlər başlığa uyğun deyildi – 2026-cı ilin ilk 6 ayında Azərbaycandan ixrac edilən pomidorun 93%-i Rusiyaya gedib. Yerdə qalan 7%-in tamına yaxını isə Belarus və Ukraynaya ixrac edilib”.
Natiq Cəfərli bildirib ki, Azərbaycanın Körfəz ölkələri və Avropa İttifaqı bazarlarına pomidor ixracı üçün yaranmış imkanlardan tam istifadə olunmur.
“Rusiyadan bu qədər asılı olmaq iqtisadi təhlükəsizliyimizə mənfi təsir edir – Moskva kefi istəyəndə yenə pomidorda müxtəlif xəstəliklər tapa, bununla da Azərbaycana təzyiq göstərməyə çalışa bilər”, – deyə iqtisadçı vurğulayıb.
O, həmçinin Azərbaycanda iqtisadi göstəricilərlə bağlı xəbərlərdə başlıqla məzmunun bəzən uyğun gəlmədiyini bildirib.
İqtisadçının sözlərinə görə, hökumət Azərbaycanın 2026-cı ilin ilk 7 ayında 5 milyard 933 milyon dollarlıq qeyri-neft məhsulu ixrac etdiyini açıqlayır. Lakin bu rəqəmin strukturuna baxdıqda, qeyri-neft ixracında ən böyük payın qızılın ixracının payına düşdüyü görünür.
Cəfərli bildirib ki, 7108 kodu ilə “işlənməmiş və ya yarımişlənmiş, yaxud toz şəklində qızıl” məhsulunun ixracı ilin ilk 7 ayında 3 milyard 707 milyon dollar təşkil edib. Bu isə qeyri-neft ixracının 62 faizindən çoxunu təşkil edir.
“Yəni, qara qızılla, sarı qızılın fərqi nədir ki, hər ikisi də Allahın verdiyi resursdur...” – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.


















