Natiq Cəfərli: Azərbaycanda hər 3 nəfərdən biri büdcədən asılıdır

18 baxış

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda əhalinin dövlət büdcəsindən asılılığı ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Ekspert bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş həyata keçirir. Onun sözlərinə görə, bu, illik hesabla 11 milyard manata yaxın vəsait deməkdir.

Natiq Cəfərli qeyd edib ki, ölkədə rəsmi muzdla çalışanların təxminən 860 min nəfəri dövlət sektorunda fəaliyyət göstərir. Dövlət büdcəsi hesabına əməkhaqqı alan şəxslərin maaş təminatına il ərzində 10 milyard 247,3 milyon manat vəsait yönəldilir.

“Cəmləsək, büdcədən birbaşa asılı olan 3 milyon vətəndaşımız var. Onlara il ərzində 21 milyard manata yaxın vəsait ödənilir. Yəni, ölkədə yaşayan rəsmi əhalinin təxminən hər 3 nəfərindən biri büdcədən asılıdır. Əgər real yaşayan əhali 10 milyon nəfərdən azdırsa, bu nisbət daha da artır”, – deyə ekspert vurğulayıb.

Natiq Cəfərlinin fikrincə, cəmiyyətin dövlət ödənişlərindən bu qədər asılı olması vətəndaş cəmiyyətinin aktivliyinə mənfi təsir göstərən əsas amillərdən biridir.

Ekspert Azərbaycanda pensiyaların məbləğinin də aşağı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkədə ümumi pensiyaların orta aylıq məbləği 595 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 633 manatdır.

Natiq Cəfərli dövlət və büdcə təşkilatlarında çalışanların əməkhaqqının da yüksək olmadığını bildirib. Onun sözlərinə görə, bu sahədə çalışanların orta aylıq əməkhaqqı təxminən 1160 manat təşkil edir.

“Bu mənzərə heç ürəkaçan deyil. Ona görə də bizdə təqaüd yaşını müzakirə etməkdənsə, təqaüdlərin kəskin artmasının yolları haqqında danışmaq daha məntiqlidir”, – deyə iqtisadçı ekspert bildirib.

Natiq Cəfərli qeyd edib ki, dövlət-büdcə təşkilatlarında çalışanlar da maaşlarının az olmasından əziyyət çəkirlər və pensiyaya çıxdıqda daha aşağı məbləğ alacaqlarını bilirlər.

“Dövlət-büdcə təşkilatlarında işləyənlərin maaşı da azdır. Amma təqaüdə çıxanda daha az məbləğ alacaqlarını bilirlər deyə, təqaüd yaşının artmasına sevinirlər. Yəni, dünyada təqaüd yaşının artmasından narahat olmayan, buna etiraz etməyən, bəlkə də, yeganə toplumuq”, – deyə ekspert əlavə edib.

Paylaş:

Əlaqəli məqalələr