Natiq Cəfərlidən hökumətə tənqid: Regionlar boşalır, insanlar Bakıya axışır
Natiq Cəfərli: Regionların inkişafına 135 milyard dollar xərclənib, amma...
İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda daşınmaz əmlak bazarında mənzil alqı-satqısı ilə bağlı rəqəmləri açıqlayaraq regionların inkişafı siyasətini tənqid edib.
Sozcu.az xəbər verir ki, ekspertin sözlərinə görə, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak və təkrar mənzil bazarında ümumilikdə 41 606 mənzilin alqı-satqısı rəsmiləşdirilib. Bu əməliyyatların 83,93 faizi Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtın payına düşüb.
Natiq Cəfərli qeyd edib ki, ölkənin ikinci böyük şəhəri olan Gəncədə ötən il cəmi 2 202 mənzil və ev satılıb. Bu, ölkə üzrə ümumi satışın 5,29 faizini təşkil edir.
Ekspert hesab edir ki, bu rəqəmlər regionların inkişafı istiqamətində həyata keçirilən siyasətin nəticələrini ciddi şəkildə sual altına alır.
“ Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü? Hökumətin üç dəfə ‘Regionların İnkişafı Proqramı’ qəbul etməsinin, son 22 ildə bu işlərə 135 milyard dollar (120 milyard manat – dolların 0,79 manat olduğu dövrləri də nəzərə almaqla) xərcləməsinin heç bir effekt vermədiyini görmək üçün bu rəqəmlər kifayət edir”, – deyə Natiq Cəfərli bildirib.
İqtisadçı vurğulayıb ki, mövcud idarəetmə modeli dəyişməzsə, regionlardan Bakıya və Abşeron yarımadasına köç davam edə, bölgələrdə əhali və iqtisadi fəallıq daha da azala bilər.
“İndiki yanlış idarəetmə modeli ilə regionlar yenə boşalacaq, insanlar Bakı-Abşerona axışacaq, hökumət bu problemləri həll edə bilməyəcək – çünki düşüncəsi, yanaşması, metodları yanlışdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.


















